62 yaşında övladı oldu, 73 yaşında yenidən evləndi


Digərləri 08 Apr 2018 13:53:00 315 0

62 yaşında övladı oldu, 73 yaşında yenidən evləndi

Son.az kulis.az-a istinadla dahi rəssam Pablo Pikassonun anım günü münasibəti ilə Dərya Öndərin "Pikassonun qadınları" yazısını təqdim edir.  

Bəlkə də on dörd yaşlı uşağa, rəssam atasının bütün rəsm alətlərini gətirib təslim etməsi və "Sənin artıq məni keçəcəyin bəllidir, mənim bundan sonra rəsm çəkməyimə ehtiyac yoxdur" deməsi heç asan deyildi.

Pikasso bu ağır yükü doxsan iki yaşına - ölənə qədər - kürəyindən heç endirmədi. İyirmi səkkiz yaşına qədər dolanışığını ailəsi təmin edirdi, ancaq bu yaşdan etibarən tabloları öz alıcılarını tapdı və bundan sonra heç vaxt maddi çətinlik çəkmədi. Öləndə az qala trilyoner idi.

Don Joze Ruis Blasko və Dona Maria Pikasso Lopezin ilk uşaqları olan Pikasso 25 oktyabr 1881-ci ildə Malqada doğulmuşdu. Onun ispanlara xas olan uzun adı vardı: Pablo Diego Jose Fransisko de Paula Xuan Nepomukeno Krispin Krispinanio de Sentissima Trinidad Ruiz Blasko Pikasso Lopez. Ancaq o anasının soyadı olan Pikasso ismindən istifadə etməyi seçmişdir.

Atası yaşadıqları qəsəbənin muzey müdiri, eyni zamanda rəsm müəllimi idi. Pikasso həyatının on ilini bu qəsəbədə keçirmişdi. Daha sonra atasının işinə görə Atlantik sahillərində bir əyalətə köçdülər. Pikasso məktəbdə dəftərlərinə şəkillər çəkirdi. Atası ondakı istedadın şahidi olduğu üçün bütün rəsm yaşamını ona həsr etmişdi. On dörd yaşında olmasına baxmayaraq Barselonada bir sənət məktəbinin imtahanına getdi və fövqəladə bacarıq göstərdiyi üçün məktəbə qəbul edildi. Məktəbi bitirəndən sonra tanınmış rəssamların arasına qatıldı. Həmin dövrlərdə Barselonada keçirilən ən böyük rəsm sərgisinə yağlı boya ilə çəkdiyi bir tablo ilə qatıldı. Bu isə onun daha da çox tanınmasına səbəb oldu.

1897-ci ildə Madridə köçüb bir atelye tutdu və tanınmış sənətşünaslıq məktəblərindən birinə girdi. Əvvəllər usta rəssamların şəkillərini kopya edərək onları daha yaxşı tanımağa başladı. Bu məşqlər onun özünün azad rəsmlərini çəkməsində ona çox kömək etdi. 1900-cü ildə ilk şəxsi sərgisini açdı. Bu sərgidən sonra yeni müqavilələr imzaladı və ilk dəfə rəsmdən pul qazanmağa başladı. Qısa müddət üçün ailəsinin yanına getdi. Oradakı həyatı, onların baxış bucağını görüb burada yaşaya bilməyəcəyini düşündü və 1904-cü ildə Parisə köçməyə qərar verdi.

Pikasso eyni il köçdüyü "Taxta Baraka"da daha əvvəl yaşamış olan Fernande Oliver ilə tanış oldu. Fernande burjua ailəsində böyümüş, bir dəfə evlənib ayrılmış və rəssamlara maraq göstərən qadın idi.

Dostlar arasında "Gözəl Fernande" olaraq tanınırdı. Pikassoyla münasibəti 1912-ci ilə qədər davam etdi. Pikassonun etiraz etməsinə baxmayaraq çap etdiyi "Pikasso ilə yaşamaq" adlı xatirələr kitabında onunla ilk qarşılaşmasını belə yazırdı:

"Onu tanımayanlar üçün ağlı başdan çıxaracaq heç bir xüsusiyyəti yox idi. Bununla bərabər onun qərib, təsirli baxışları diqqət çəkirdi. 

İçindəki atəş ona dayana bilməyəcəyim bir çəkicilik qazandırırdı. Mənimlə tanış olmaq istəyəndə mən də onu tanımaq üçün yanıb tutuşurdum."

Fernandenin Pikassodan ayrılma səbəbi isə hər dəfə evdən çıxanda Pikassonun qısqanclıqdan onu otağına bağlayıb getməsi idi. 

Bu dövr eyni zamanda Pikassonun həyatında "mavi dövr" ya da sənət tənqidçisi Uhdenin deyimi ilə "Mavi İmperatorluq" vaxtı idi. Mavi, uşaqlığından bəri Pikassonun ən sevdiyi rəng idi. Bu dövrdə çəkdiyi rəsmlərin demək olar ki, hamısında bu rəng var idi. Hətta çalışarkən də mavi rəngli paltar geyinirmiş.

Pikassonun bu dövr çəkdiyi rəsmlərdə dini motivlər də var idi. Bu dönəmin fiqurları daha çox yoxsullar, dilənçilər, korlar və yaşlılardan ibarət idi. İki baş qəhrəmanı isə "Həyat" və "Qucaqlaşma" idi. Bu rəsmdə yataqda qucaqlaşan çılpaq bir cütlük var idi. Qadın hamilədir. Amma bu qucaqlaşma bir şəhvət anının başlanğıcından daha çox dünyadan qaçıb bir birinə sığınan, başlarını bir-birinin çiyninə söykəyən iki insanın görüntüsü idi. "Həyat" rəsmi isə Pikassonun ümidsizcə aşiq olduğu üçün intihar edən yaxın dostu Kasagemas üçün idi. Aşiq bir cütlüyün qarşısında qucağında uşaq olan kədərli bir qadın çəkilmişdi.

Bu vaxtda Fernande ilə yaşadığı sevgi, rəsmlərinin satılması ilə qazandığı pullar, rəsmlərindəki mavi çəhrayı ilə əvəzlənməyə başladı.

Birlikdə etdikləri Barselona səfərində Fernando ilə Pikasso arasında duyqusal sıxıntılar ortaya çıxdı. 1909-cu ilin payızında Bateu Lavoirdən ayrılıb Bulvar Kliçidə daha rahat bir studiyaya köçdülər. Hər cümə günləri Matisseni ziyarət etməyə gedirdilər. Bu həyat tərzi Pikassonun daxilən dəyişməsinin göstərici idi. Amma bir müddət sonra Pikasso bundan yorulmağa başlamışdı.

1911-ci ildə Pikasso, Fernande, Maka Ceysob və Braq ilə birlikdə kiçik qəsəbə olan Keretdə yaşayan dostları Manolo Huqenin yanına gedirlər. Onda Pikassonun əsərləri ən tanınmış əsərlər hesab olurdu. Payızda yenidən Parisə qayıdanda Pikasso, Gertruda Staynın evində Yeva Qouel ilə tanış olur. Bu Fernandenin xoşuna gəlməsə də özü də başqası ilə görüşməyə başlamışdı. Pikasso Yeva ilə sevgili olandan sonra Fernande onu tərk edir.

Pikasso onu Yeva deyə çağırsa da əsl adı Marsella Hambert idi. Onu düşünərək çəkdiyi "Jaime Eva", "Jolie Eva", "Ma Jolies" adlı tablolarda da göründüyü kimi Pikassonun bütün sevgililərini rəsmlərində əks etdirmişdi. Yeva uzun çəkən xəstəlikdən sonra 1915-ci ildə ölənə qədər Pikassonun sevgilisi - möhtəşəm aşiqi - olaraq qalır. Hətta Maks Yakobun, Yevanın dəfnindəki xoşagəlməz davranışları Pikassoya o qədər pis təsir edir ki, dostluqlarına elə oradaca son qoyur.

Yevanın ortaya çıxmasından sonra Pikasso ilə münasibətini kəsən Fernande 1936-cı ildə xatirələrini yayımlayana qədər Pikasso ilə yenidən görüşməmişdi. Ancaq o vaxt ortaq dostlarının vasitəçiliyi ilə Pikasso Fernandeyə maddi kömək edirdi.

Əlbəttə, Fernandenin olmadığı vaxtlarda Yeva da Pikasso üçün yeganə qadın olmamışdı. Yevanın baxım evində qaldığı müddətdə və daha bir neçə il ərzində həyatına Qabrielle Depeyre də girir.

Onlar tanış olanda Qabi iyirmi yeddi yaşında idi. Pikassonun bir qadına qarşı hiss etdiyi sevgi başqa qadına aşiq olmasına mane olmurdu.

Pikasso, Yeva və Max, Fiqueras və Gironaya tez-tez öküz duellərini izləməyə gedirdilər. Öküz duelləri Pikassonun həyatının önəmli simvolu idi. Bəzi tənqidçilər Pikassonun ölüm duyğusunu bununla izah etdiyini deyirlər. 

Hər iki dövrün ən vacib motivi "təlxək" motivi idi. Pikasso həyatı boyunca təlxək, kloun və sirk motivlərindən əl çəkməmişdi.

1917-ci ildə Jan Kokto ilə birlikdə Romaya getdi. Rus baletinin idarəçisi Serge Diagilevlə tanış oldu və onun Piazza Kolonadakı evində yaşamağa başladı. Həmin dövrdə portretini də yaratdığı İqor Stravinski və onun dostları ilə tanış oldu.