"Yekun Bakı Sənədində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsi böyük əhəmiyyət kəsb edir"


Siyasət 08 Apr 2018 11:53:00 302 0

"Yekun Bakı Sənədində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsi böyük əhəmiyyət kəsb edir"

Qoşulmama Hərəkatının "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda aralıq nazirlər konfransının Yekun Bakı Sənədində də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələdə Azərbaycanın mövqeyinin ortaya qoyulması və iştirakçı ölkələrin xarici işlər nazirlərinin bu mövqeyi dəstəkləməsi Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Tərkibinə 120 dövlətin daxil olduğu Qoşulmama Hərəkatına Azərbaycanın 2011-ci ildə tamhüquqlu üzv olduğunu deyən E.Nəsirov qeyd edib ki, bu təşkilat üzvərinin sayına görə 2-ci ən böyük təşkilatdır: "Azərbaycan Prezidentinin balanslaşdırılmış, çevik xarici siyasətinin məntiqindən irəli gələrək Azərbaycan Qoşulmama Hərəkatında da uğurla fəaliyyət göstərir. Bu il Qoşulmama Hərəkatının "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda aralıq nazirlər konfransı Bakıda keçirilib. Gələn il isə Qoşulmama Hərəkatına üzv olan dövlətlərin başçılarının zirvə görüşü Bakıda keçiriləcək. 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik funksiyasını öz üzərinə götürəcək. Bu baxımdan Qoşulmama Hərəkatında təmsilçilik Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir".

E.Nəsirov qeyd edib ki, Qoşulmama Hərəkatına üzv ölkələr beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı məsələlərdə ölkəmizi hər zaman müdafiə edirlər:

"Qoşulmama Hərəkatı hər zaman Dağlıq Qarabağ münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Təşkilatın Azərbaycanda keçirilmiş konfransında qəbul edilmiş Yekun Sənəddə də eyni yanaşma öz əksini tapıb. Bu, o deməkdir ki, Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin hamısı birmənalı şəkildə Azərbaycanın bu münaqişənin həlli ilə bağlı mövqeyini dəstəkləyir. Heç bir halda söhbət xalqların öz müqəddəratını təyin etmək hüququndan getmir. Hesab edirəm ki, Yekun Sənəddə də bu mövqeyin ortaya qoyulması və iştirakçı ölkələrin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edir".

Qeyd edək ki, aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilib.

Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edib.

Nazirlər konfransının Yekun Bakı Sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb.

Sənəddə nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq ediblər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırış ediblər.