"Uşaqlar çox istəkli idilər və sona qədər mübarizə apardılar"


İdman 08 Apr 2018 09:46:00 349 0

"Uşaqlar çox istəkli idilər və sona qədər mübarizə apardılar"

Bakıda Türk Şurası Universitet İdman Oyunları çərçivəsində futzal üzrə Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşıb. Goal.az xəbər verir ki, Azərbaycan Texniki Universitetin idman zalında keçirilən qarşılaşma futzalçılarımızın böyük hesablı qələbəsiylə nəticələnib – 9:2. Matçdan sonra komandaların baş məşqçiləri oyunla bağlı fikirlərini bölüşüblər:

Joze Alesio da Silva (Azərbaycan yığmasının baş məşqçisi): “Qısa vaxt ərzində bir yerdə məşq etməyimizə baxmayaraq, turnirə yaxşı hazırlaşmışdıq. Uşaqlar çox istəkli idilər və sona qədər mübarizə apardılar, oyun intizamından qopmadılar. Nə istəyirdiksə, onu da əldə etdik. Uşaqlar yaxşı oyun nümayiş etdirdilər. Bu matç göstərdi ki, Azərbaycanda gənc, istedadlı uşaqlar var. Sadəcə, onlarla çox işləmək, onlara diqqət göstərmək lazımdı. Qısa vaxt ərzində komanda bu cür oyun nümayiş etdirəcək səviyyəyə çatıbsa, deməli, onlarla işləri davam etdirmək lazımdı ki, gənclərdə inkişaf olsun”.

Yücel Ocak (Türkiyə yığmasının baş məşqçisi): “Hər zaman deyirik, bir millət iki dövlətik. Türk dünyasını bir araya gətirmək, ölkəmizi burada təmsil etmək çox gözəldi. Bizim üçün yaxşı oyun oldu. Heyətimizi universitet tələbələrindən qurmuşuq. Türkiyədə 200-ə yaxın universitet var. Çalışdıq ki, bütün bölgələr bu komandada təmsil olunsun, Azərbaycanı tanısınlar, festivalda iştirak etsinlər. Erkən qollar buraxdıq. Bundan sonra oyun sistemimiz pozuldu. Azərbaycan yığması daha dəyərli, güclü bir komandadı. Qələbə münasibəti ilə təbrik, təşkilatçılıqda əməyi keçən hər kəsə təşəkkür edirik”.