Azərbaycan gəncləri buna imkan verməyəcək


Digərləri 08 Apr 2018 07:14:00 243 0

Azərbaycan gəncləri buna imkan verməyəcək

"Gəncləri kənar mənfi təsirlərdən qorumaq lazımdır"

"Gəncləri kənar mənfi təsirlərdən qorumaq lazımdır".

"Cənab prezident Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafında gənclərin rolunu yüksək dəyərləndirir. O, qeyd edir ki, ölkənin gələcəyi gənclərin əlindədir və Azərbaycan gəncləri müasir, inkişaf etmiş olmalıdır. Dövlət başçısının bu sözləri həqiqətən də bizi ruhlandırır. Fikrimcə, bu, Azərbaycan gəncliyinə verilən çox yüksək qiymətdir".

Bunu Son.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın TASS İnformasiya Agentliyinə müsahibəsi zamanı Azərbaycan gənclərinə yüksək qiymət verməsi və onların kənar təsirlərdən qorunması ilə bağlı fikirlərinə münasibətində bildirib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev TASS Agentliyinə geniş müsahibəsində həmişə olduğu kimi, Azərbaycanın inkişafı, nailiyyətləri ilə bağlı, görüləcək işlər, diqqət mərkəzində olan məsələlər barədə ətraflı danışıb: "Dövlət başçısının sözlərinə görə, Azərbaycanın gələcəyi gənclərlə bağlıdır və bu gün gənclər üçün bütün lazım olan şərait yaradılıb. İllər əvvəl düşünürdük ki, elə şeylər var ki, onlar ciddi şəkildə həll olunmalıdır. Bu gün isə artıq görürük ki, bir sıra məsələlər köklü həll olunub. Qeyd edim ki, Azərbaycan dövləti gənclərin güclü, müasir olması, yeniliklərə yiyələnməsi üçün böyük diqqət və qayğı göstərir, həmçinin, dünyəviliyin qorunmasına və təhsilə böyük önəm verilir.

Təbii ki, sadalanan məsələlərin gündəmdə saxlanması üçün müxtəlif mexanizmlər var. Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyi, Prezident Adminstrasiyasında Gənclər və İdman şöbəsi, Milli Məclisdə Gənclər və İdman Komitəsi, Gənclər Fondu, bütün respublika üzrə Gənclər Evləri mövcuddur, ölkədə 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Yəni gənclərin sərbəst fəaliyyət göstərməsi, inkişaf etməsi və uğur əldə etməsi üçün dövlət əksər məsələlərin həllinə artıq nail olub.

Dövlət başçısı eyni zamanda müsahibəsində qeyd edir ki, dayanmaq olmaz, hələ qarşıda işlər çoxdur, onların həyata keçirilməsində gənclərin də üzərində böyük məsuliyyət düşür".

F.Muradov dövət başçısının gənclərin kənar təsirlərdən qorunması ilə bağlı fikirlərinin xüsusilə böyük əhəmiyyət daşıdığını vurğulayıb: "Bu gün Azərbaycanın dostları ilə yanaşı, ölkəmizə kənardan təzyiq və təsir etməyə çalışan qüvvələr də mövcuddur. Həmin qüvvələr anlayırlar ki, Azərbaycan stabil ölkədir, onu sarsıtmaq asan deyil. Ona görə də təsir yalnız ideoloji tərəfdən ola bilər. Amma Azərbaycan cəmiyyəti ayıq-sayıqdır və təsirlər həmin qüvvələrin istədiyi nəticəni vermir. Bu baxımdan cənab prezident də müsahibəsində vurğulayır ki, gəncləri kənar mənfi təsirlərdən qorumaq lazımdır. Gənclər özləri də bu təsirləri qiymətləndirərkən mütləq diqqətli olmalı, hər şeyi dərindən təhlil etməlidirlər. Çünki gənclər gələcəyin rəhbərləridir və məhz onlar ölkənin gələcəyini müəyyənləşdirəcəklər. Azərbaycan gəncləri biliyi, bacarığı, eləcə də milli dəyərlərə sadiqliyi ilə heç zaman imkan verməyəcək ki, dövlətçiliyimiz, müstəqilliyimiz sarsılsın. Ona görə də gənclərin dəyərlərimizə, ənənələrimizə, dilimizə, mədəniyyətimizə bağlılığı xüsusi önəm daşıyır".