“Qızını mənə ərə vermək istəyirdi, razılaşmadım”


Kriminal 07 Apr 2018 12:32:00 233 0

“Qızını mənə ərə vermək istəyirdi, razılaşmadım”

Qətldə ittiham olunan şəxs mərhumun ağacdan yıxılıb öldüyünü iddia etsə də, istintaq araşdırmaları, ekspertiza rəyləri, şahid ifadələri bunun əksini göstərir, ortada qisasçılıq amili olduğunu sübut edir. Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 33 yaşlı Quba rayon sakini Samir Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, qətl hadisəsi ötən il sentyabrın 23-də Quba rayonunun Əliməmmədoba kəndində baş verib. İttihama görə, Samir Mahmudov qisasçılıq zəminində Xaşmaz rayonu Əliməmmədoba kənd sakini Eldar Əhmədovun baş nahiyəsinə daşla vuraraq onu qətlə yetirib.

Ailə üzvləri ilə birgə E.Əhmədova məxsus alma bağında işləyən Samir Mahmudovla bağ sahibi arasında bir neçə dəfə mübahisə düşüb. Mübahisəyə alma bağına yaxşı baxılmaması, ağacların quruması səbəb olub. Samirin özü və atası Ənvərşah Mahmudov işdən qovulsalar da, bağdan çıxmaq istəməyiblər.

Bağ sahibi ilə Mahmudovlar arasındakı sonuncu insident zamanı qan tökülüb. S.Mahmudovun atdığı daşlardan biri E.Əhmədovdan yan keçsə də, ikincisi hədəfə dəyib. Baş nahiyəsindən ağır xəsarət alan E.Əhmədov hadisə yerindəcə dünyasını dəyişib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samir Mahmudov saxlanılıb.

Təqsirləndirilən Samir Mahmudov həm istintaq, həm də məhkəmə zamanı ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, mərhumun ağacdan yıxılaraq dünyasını dəyişdiyini deyib: "Hadisə baş verən gün atam zəng vurub dedi ki, bağda təkəm, bura gəl, getdim. Oraya çatanda iki nəfərin Eldarı saxladığını, atamın isə yolun kənarında dayandığını gördüm. Atam dedi ki, Eldar mənim nəslimi-kökümü söydü, sonra da vurmaq istədi. Dedim ki, gəl gedək burdan. Bu vaxt Eldar məni də nalayiq sözlərlə təhqir etməyə başladı".

S.Mahmudovun ifadəsinə görə, E.Əhmədov onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyüb. Ailəsinin ünvanına xoşagəlməz ifadələr işlətdiyinə görə Eldarın üstünə hücum çəkib, ətrafda olanlar onu sakitləşdiribməyə çalışıblar. Eldarın söyüşlərini davam etdirməsinə dözməyən Samir yoldan iri bir çay daşı götürüb onun üstünə atıb: "Daş Eldara dəymədi, yenidən söyməyə başladı. Bu dəfə bir az balaca daş götürüb ona sarı atdım. Daşın onun harasına dəydiyini görmədim. Atam məni danlayıb oradan kənarlaşdırdı. Biz gedəndə Eldar mobil telefonla danışırdı".

"Mən Eldarı öldürməmişəm. Hadisə zamanı atdığım hər iki çay daşı Eldara yox, alma ağacına dəyib. Mən bağdan çıxanda Eldar sağ idi. Onun hansı səbəbdən öldüyünü bilmirəm. Amma bu işi doğru-düzgün araşdırsalar, görəcəklər", - təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində göstərib.