Yana Melikayeva və Askar Abdrazakovun Heydər Əliyev Mərkəzində konserti olacaq


Kriminal 07 Apr 2018 12:36:00 298 0

Yana Melikayeva və Askar Abdrazakovun Heydər Əliyev Mərkəzində konserti olacaq

Tanınmış opera müğənniləri Yana Melikayeva və Askar Abdrazakovun Heydər Əliyev Mərkəzində konserti keçiriləcək

İyunun 1-də Rusiyanın tanınmış opera müğənniləri Yana Melikayeva və Askar Abdrazakovun Heydər Əliyev Mərkəzində konserti keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, konsert proqramı klassik musiqisevərlər üçün harmonik və unikal səslər, təkrarsız ifalar dinləmək imkanı yaradacaq.

Yana Melikayeva və Askar Abdrazakov tamaşaçılara müxtəlif operalardan ariyalar, romanslar təqdim edəcəklər. Bəzi əsərlər duet şəklində ifa olunacaq. Solistləri Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Yana Melikayeva Rusiya Teatr İncəsənəti Akademiyasını bitirib. Vokal sinfində SSRİ Xalq artisti, opera müğənnisi Tamara Sinyavskayanın ilk tələbəsi olub. Yana Melikayevanın vokal imkanlarını dəfələrlə onun dərslərində iştirak etmiş dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayev yüksək qiymətləndirib. Yana Melikayeva müxtəlif beynəlxalq müsabiqələrin qalibi olub.

Metso-soprano səs tembrinə sahib müğənni Sergey Raxmaninov, Pyotr Çaykovskinin romanslarını, məşhur operalardan çoxsaylı ariyaları ifa edir: "Çar gəlini"ndə Lyubaşa, "Orlean qızı"nda İoanna, "Yevgeni Onegin"də Olqa, "Karmen"də Karmen, "Orfey və Evridika"da Orfey, "Samson və Dalila"da Dalila və s.

Başqırdıstan Respublikasının Xalq artisti Askar Abdrazakov Ufa Dövlət Konservatoriyasında, daha sonra Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb. Hələ tələbəlik illərindən beynəlxalq müsabiqələrdə ardıcılıq qələbələr qazanıb, birinci yer və Qran-Pri mükafatlarına sahib olub. 1995-ci ildə Afinada Mariya Kallas adına müsabiqədə Qran-Pri alan ilk kişi səsi olub.