Google yeni sualtı kabel çəkir


Digərləri 07 Apr 2018 08:41:00 266 0

Google yeni sualtı kabel çəkir

"Google" şirkəti Yaponiya-Quam-Avstraliya sualtı kabel sisteminin (Japan-Guam-Australia (JGA) Cable System) çəkilməsi üzrə yeni layihə hazırlayıb.     Son.az ICTnews-a istinadən bildirir ki, sualtı kabel Tokio və Oska şəhərlərini Quam adası, Quamı isə Sidney şəhəri ilə birləşdirəcək. Ümumi uzunluğu təxminən 9656 km təşkil edəcək kabelin tikintisinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur.   Məlumata görə, "Google" şirkəti kabel sisteminin Quamı Sidneylə birləşdirən cənub seqmentini maliyyələşdirəcək. Layihədə, həmçinin Avstraliyanın "AARNet" provayderi və "RTI-C" sualtı kabel istehsalçısı iştirak edir.   Bildirilir ki, sualtı kabel xətti Asiya və Avstraliyanın "Google Cloud Platform" servislərinin istifadə olunduğu beş regionu, o cümlədən Mumbay, Sinqapur, Tayvan, Tokio və Sidney ilə keyfiyyətli rabitə əlaqəsini təmin edəcək.     Yeni sualtı kabel "Google" "şəbəkə ailəsini" yaratmaq üçün digər 3 kabelə birləşəcək. Şəbəkəyə Pert, Sidney və Sinqapuru Cakarta ilə birləşdirən "Indigo", Honkonqu Quamla birləşdirən "HK-G" və Yaponiyanı Çin, Honkonq, Filippin, Bruney, Tailand və Sinqapurla birləşdirən "SJC" kabelləri daxil olacaq.   Bundan başqa, "Google" 2019-cu ildə ABŞ və Cənubi Amerikada "Cloud" platformasının yayılması üçün iki kabel xəttinin tikintisini planlaşdırır.