Komitə: Özəlləşdirmədən sonra 300 mindən artıq iş yeri yaradılıb VİDEO


Digərləri 06 Apr 2018 21:35:00 300 0

Komitə: Özəlləşdirmədən sonra 300 mindən artıq iş yeri yaradılıb  VİDEO

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 300 mindən artıq iş yeri yaradılıb, 250 mindən çox səhmdar səhm sahibi olub. Ümumilikdə 1,2 milyondan çox vətəndaşımız özəlləşdirmədən faydalanıb.

Son.az bildirir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiyalar" mövzusunda keçirilən regional forumda məlumat verilib.

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 100-dək sahibkarlıq subyekti, iş adamı və daşınmaz əmlak mütəxəssisləri iştirak edib.

Forumda bildirilib ki, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində dövlət əmlakının özəlləşdirilməsinin sürətlənməsi, şəffaflığın və səmərəliliyin artırılması, innovativ yanaşmaların tətbiqi, yerli və xarici investorların cəlb olunması ilə bağlı ardıcıl işlər görülür. Forumun əsas məqsədi müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq olunan yeni yanaşmalar, müasir üsullar haqqında məlumatlandırmaq və onları özəlləşmə prosesinə aktiv şəkildə cəlb etməkdir. Eləcə də regionlarda fəaliyyət göstərən iş adamlarını dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar barədə maarifləndirməkdir.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin imzaladığı "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanına əsasən müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmənin sürətləndirilməsi prioritet məsələ kimi müəyyənləşdirilib. Strateji yol xəritələrində də Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın artırılması məqsədilə özəlləşmə ilə bağlı islahatların həyata keçirilməsi əsas hədəflərdəndir. Artıq aparılan islahatlar nəticəsində bu sahədə idarəetmənin modernizasiyası, prosedurların elektronlaşdırılması, operativliyin təmin olunması istiqamətində mühüm nəticələr əldə edilib. Özəlləşmə prosesinin tam olaraq elektron müstəviyə keçməsi, unikallığı və funksionallığı ilə seçilən elektron hərracın tətbiqi, eləcə də hərracları onlayn izləmək imkanının olması geniş investor kütləsinin prosesə cəlb edilməsinə, özəlləşmənin keyfiyyətcə yeni mərhələsinin başlanmasına şərait yaradıb.

Qeyd edilib ki, özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsinə imkan verən, unikal platforma olan Özəlləşdirmə portalı bütün investorlar üçün biznes portfelinə uyğun olaraq daşınmaz əmlak seçimi ilə bağlı geniş imkanlar yaradır. Portala 1 milyon 500 min baxış olub. Özəlləşdirmə prosesində maksimum operativliyi təmin edən açıq və şəffaf hərraclar da investor kütləsini bu prosesə cəlb etmək üçün bu sahədə həyata keçirilən iqtisadi islahatların tərkib hissəsidir. Hərraca çıxarılan dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla, sırf bazar prinsipləri əsasında qiymətləndirilir. Özəlləşən müəssisələrə sərmayə cəlb olunur, eyni zamanda, müasir avadanlıqlarla təchiz olunur, onların fəaliyyəti bərpa edilir. Tədbirin keçirildiyi "Şahdağ Mehmanxana" da investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib, sərmayə cəlb edilməklə müəssisə tamamilə yenilənib.

Diqqətə çatdırılıb ki, dövlət mülkiyyətində olan dövrlə müqayisədə, özəlləşdirilmiş müəssisələrdə istehsalın həcmi 1,5 milyard manat artıb, çoxlu çeşiddə yeni, rəqabət qabiliyyətli və ixracyönümlü məhsulların istehsalı təşkil edilib. Bu nailiyyətlərin əldə olunmasında dövlətin hərtərəfli dəstəyi xüsusi əhəmiyyət daşıyır.

Əcnəbi sərmayəçilərin özəlləşmə prosesində iştirakını təmin etmək məqsədilə mütəmadi olaraq xarici ölkələrdə forumlar keçirilir, təbliğat, maarifləndirmə işləri aparılır.