"Barama"da yenilik: Müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk portal fəaliyyətə başlayıb


Digərləri 06 Apr 2018 17:27:57 223 0

"Barama"da yenilik: Müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk portal fəaliyyətə başlayıb

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ölkədə sahibkarlığın inkişafına yönəlik layihələri davam edir.

Bakı. Azercell Telekom və PAŞA Bankın dəstəyilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ölkədə sahibkarlığın inkişafına yönəlik layihələri davam edir. "Azercell Telekom"dan Trend-ə verilən məlumata görə, Barama Mərkəzində yaradılan startap və hazırda təklif etdiyi xidmət növünə görə ölkədə ilk və yeganə satış portalı olan “Happy Moments” artıq fəaliyyətə başlayıb. “Happy Moments” Azərbaycanda müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk portaldır. Portalın əsas məqsədi insanlara zaman itirmədən fərqli hədiyyə seçimi etməsinə imkanı yaratmaqdır. https://happymoments.az saytı insanlara müxtəlif xidmət növlərinin hədiyyə olaraq online satışını təşkil edir. Startap-ın ideya müəllifi və təsisçiləri olan Ülviyyə Əkbərova və Süleyman Bağırlı “Happy Moments” portalı haqqında məlumat verərkən onun artıq Azərbaycanda bütün xidmət sektorlarını əhatə etdiyini və alıcıların portalda istənilən sektora uyğun məhsul tapa biləcəklərini qeyd edib. Portal hədiyyə seçimini sürətləndirmək üçün “Hədiyyələr” və “Kim üçün” adlanan menyularla mövcud hədiyyələr üzrə 2 fərqli istiqamətdə seçim etmək imkanı yaradır. Hər bir menyu əsas kateqoriyalar və subkateqoriyalardan ibarətdir. “Hədiyyələr” menyusu bütün xidmət sektorlarını əhatə edən “Aktiv İdman”, “Kurslar və treninqlər”, “Əyləncə”, “Fotosessiya və portret”, “Səyahət və turlar”, “Gözəllik” və “Sağlamlıq” adlı əsas kateqoriyalar və hər bir kateqoriya üzrə müxtəlif subkateqoriyaları özündə birləşdirir. “Kim üçün” adlanan menyu isə “xanımlar”, “bəylər”, “uşaqlar”, “cütlüklər” və “valideynlər” adlı kateqoriyalardan ibarət olmaqla hədiyyə seçimini sürətləndirməklə yanaşı, müştərilərə hədiyyə alacağı şəxsə uyğun fərqli və kreativ hədiyyə seçimi etməkdə köməklik göstərir.