Yunus Oğuzun aprel döyüşlərindən bəhs edən romanı təqdim olundu FOTO


Digərləri 06 Apr 2018 16:52:00 334 0

Yunus Oğuzun aprel döyüşlərindən bəhs edən romanı təqdim olundu  FOTO

Bu gün Atatürk Mərkəzində tarixçi-alim Yunus Oğuzun 2016-cı il aprel döyüşlərindən bəhs edən "Ovçu" tarixi romanının təqdimat mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov bildirib ki, bu roman Yunus Oğuzun ən yaxşı əsərlərindədir: "Yunus Oğuz bu vaxta qədər bir çox tarixi romanlar yazıb, tarixi şəxsiyyətləri araşdırıb. Tarixin elə mühüm məqamı yoxdur ki, Yunus Oğuz o məqamı qələmə almasın. O, tarixi araşdırmaqla yanaşı, həm də filosofdur və tarixə fəlsəfi yanaşır. Ona görə də, onun yazdığı romanlar həm də fəlsəfədir.

"Ovçu" romanı da tarixi romandır. Amma bu tarix bizim qədim tariximiz deyil, yaxın keçmişimizdə baş verən aprel döyüşlərindən bəhs edir. Yazıçı bu romanda aprel döyüşlərinin mahiyyətini açıqlayıb. Roman vətənpərvərliyi, qəhrəmanlığı, torpaq uğrunda candan keçməyi aşılayır. Roman xeyli müasir və publisistdir. Bu əsər o qədər publisist yazılıb ki, oxucu oxuduqca oxumaq istəyir. Və ən əsas məqam odur ki, tarixdə ilk dəfə olaraq bu romanda Azərbaycanın Ali Baş Komandanının, müdafiə nazirinin və Prezident Administrasiyasının mühüm vəzifəli şəxslərinin obrazı yaradılıb. Tarixi faktlara söykənən roman bədiilikdən, fəlsəfədən də çıxmayıb".

N.Cəfərov bildirib ki, bu romanın meydana gəlməsinin səbəbi aprel döyüşlərinin Azərbaycanın zəfər döyüşü olmasıdır: "Çünki bu döyüşdə Murad Mirzəyev, Samid İmanov kimi qəhrəman oğullarımız ortaya çıxdı. Bu cür qəhrəmanların hər biri bizim üçün bir tarixdir. Roman Murad Mirzəyevin qəhrəmanlığına həsr edilib".

Aprel döyüşlərini Azərbaycanın zəfər tarixi adlandıran Prezident Administrasiyasının İictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib ki, Azərbaycan ordusu bu döyüşlə bütün dünyaya öz gücünü sübut etdi:

"Azərbaycan əsgəri dünyaya sübut etdi ki, biz istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirik. Aprel döyüşlərində bütün dost ölkələr Azərbaycanın müdafiəsinə qalxdılar. Bu gün aprel döyüşləri beynəlxalq müstəvidə müzakirəyə çıxarılıb. Ermənilər Moskvada xeyriyyə konsertləri keçirərək aprel döyüşlərində ölən ermənilərin ailələrinə yardım toplayır. Azərbaycanın diaspor təşkilatları da xarici ölkələrdə aprel zəfəri ilə bağlı təbliğatlar aparır. Amma bəzi qüvvələr xarici ölkələrdə antiazərbaycan təbliğatı apararaq ordumuzun zəif olduğunu iddia edir, Azərbaycan ordusuna ləkə yaxmaq istəyirlər".