Prezident İlham Əliyev: "Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir"


Siyasət 06 Apr 2018 15:09:00 265 0

Prezident İlham Əliyev: "Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir"

Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində deyib.

Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib: "Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib. Nəzərdə tutduqlarımızın hamısı yerinə yetirilib. Bizim nailiyyətlərimiz beynəlxalq strukturlar tərəfindən də qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Elə həmin Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə biz inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tuturuq. Bizdən irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var. Yəni, mən düşünürəm ki, Davos Dünya Forumunun verdiyi bu qiymət bizim nəyə nail olduğumuzu hər şeydən yaxşı nümayiş etdirir. Biz iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olmuşuq, yüz minlərlə yeni iş yeri yaradılıb, Azərbaycanda işsizlik təxminən beş faiz səviyyəsindədir. Yoxsulluğu da xeyli azalda bilmişik. Bu gün yoxsulluq göstəricisi 5,4 faiz həddindədir. Bütün bunlar bizim son illərdə həyata keçirdiyimiz və sanballı səmərə vermiş sosial-iqtisadi siyasətin nəticəsidir".

İlham Əliyev əlavə edib: "Bizim fəaliyyətimizin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub, bu, siyasi müstəqilliyin əsasıdır. Ona görə ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir. Buna görə də bu, bizim fəaliyyətimizin başlıca istiqaməti olub və bu gün Bir neçə rəqəm göstərə bilərəm: son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, zənnimcə, bu, dünya rekordudur. Çox böyük investisiya layihələrinə baxmayaraq, bizdə xarici borcun sabitləşdirilməsi üzrə də iş aparılıb. Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir. Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm".

Prezident qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir: "Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub".