"Görmə qabiliyyəti məhdud və əlil arabasında olan şəxslərin Prezident seçkilərində iştirakı üçün lazımi şərait yaradılıb"


Digərləri 06 Apr 2018 15:07:00 300 0

"Görmə qabiliyyəti məhdud və əlil arabasında olan şəxslərin Prezident seçkilərində iştirakı üçün lazımi şərait yaradılıb"

"Görmə qabiliyyəti məhdud və əlil arabasından istifadə edən vətəndaşların Azərbaycan Prezidenti seçkilərində iştirakına şərait yaradılması üçün Mərkəzi Seçki Komissiyası ilə birgə geniş miqyasda müvafiq tədbirlərin görülməsi təmin edilib. Həmin insanların seçki məntəqələrinə gələrək səs vermələri üçün bütün lazımi şərait yaradılıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün nazirlik yanında İctimai Şuranın yeni seçilmiş tərkibi ilə görüş zamanı jurnalistlərə müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, Mərkəzi Seçki Komissiyasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciətinə uyğun olaraq, Nazirlik tərəfindən ölkədəki bütün gözdən əlil vətəndaşların siyahısı Komissiyaya təqdim edilib: "Beləliklə də, görmə qabiliyyətini tam və ya qismən itirmiş şəxslər üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunub. Hansı seçki məntəqələrində ki, belə seçicilər vardır, həmin məntəqələrə Brayl əlifbası ilə çap edilmiş bülletenlər çatdırılıb, onlar seçki zamanı bu bulletenlərdən istifadə edəcəklər".

Nazir qeyd edib ki, yataq xəstəsi olan, bu səbəbdən, ümumən seçki günü səhhətinə görə səs vermək üçün seçki məntəqəsinə gedə bilməyən seçicilərin də səs vermək hüquqlarının reallaşdırılması üçün müvafiq işlər görüləcək. Həmin seçicilərin də daşınar seçki qutuları vasitəsilə yaşadıqları evdə səs vermələri təmin olunacaq.