Prezident İlham Əliyev: "Vladimir Putinlə şəxsi münasibətlərimiz ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafı üçün mühüm amillərdən biridir"


Siyasət 06 Apr 2018 14:54:00 275 0

Prezident İlham Əliyev: "Vladimir Putinlə şəxsi münasibətlərimiz ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafı üçün mühüm amillərdən biridir"

Prezident Vladimir Vladimiroviç Putin ilə bizim şəxsi münasibətlərimiz ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafı üçün mühüm amillərdən biridir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "TASS" agentliyinə müsahibəsi zamanı bildirib.

Dövlət başçısı qeyd edib: "Şübhəsiz, hər hansı dövlətlərarası münasibətlərdə, xüsusən qonşu ölkələr, çoxillik tarixi əlaqələri olan ölkələr arasında münasibətlərdə liderlərin şəxsi əlaqəsi həmişə mühüm rol oynayır. Əlbəttə, Bizim tez-tez baş tutan görüşlərimiz, ikitərəfli və çoxtərəfli formatda əlaqələrimiz ikitərəfli münasibətlərin, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradır. Sizin qeyd etdiyiniz kimi, bizim aramızda çox etimadlı münasibətlər var, bizdə qapalı mövzular yoxdur və bizim müdaxiləmizi tələb edən hər hansı məsələlər yarandıqda hökmən zəngləşirik və ya görüşürük və tabeliyimizdə olanlardan kiminsə yol verdiyi qüsurları tənzimləyirik. Bizim ikitərəfli münasibətlərin bu çox vacib amili dövlətlərarası əməkdaşlıqda mühüm rol oynayıb və yenə oynayır. Düşünürəm ki, çox cəhətdən bizim etimada əsaslanan şəxsi münasibətlərimiz və ölkələrimizin bir-biri üçün vacib olmasını anlamağımız sayəsində biz əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq. Bunu Rusiya da bəyan edir, Azərbaycan da".

Prezident İlham Əliyev qeyd edib: "Biz bir sıra məsələlər üzrə çox sıx qarşılıqlı əlaqə saxlayırıq. İqtisadi sahədə əmtəə dövriyyəsi artır, nəqliyyat, energetika sahələrində birgə layihələr həyata keçiririk. Humanitar əməkdaşlıq çox geniş sahədir. Azərbaycanda təhsilin rus dilində olduğu 300-dən çox məktəb var. Azərbaycanın dövlətə məxsus bütün ali məktəblərində rus dilində fakültə var. Nisbətən yaxın vaxtlarda Bakıda Rusiyanın iki aparıcı ali məktəbinin - Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları açılıb. Bu da bizim humanitar əməkdaşlığımızın mühüm amilidir. Demək istəyirəm ki, münasibətlərimiz tamdəyərlidir və düşünürəm ki, qonşular və dostlar arasında münasibətlər belə olmalıdır".