Azərbaycanın sürücülük vəsiqələri xaricdə niyə tanınmır?


Digərləri 06 Apr 2018 14:46:00 322 0

Azərbaycanın sürücülük vəsiqələri xaricdə niyə tanınmır?

"Azərbaycanın sürücülük vəsiqələrinin xarici ölkələrdə tanınması ilə bağlı problem yaxın vaxtlarda tam həllini tapacaq".

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev deyib.

O qeyd edib ki, hazırda Azərbaycanın sürücülük vəsiqəsinin xarici ölkələrdə tanınması ilə bağlı ciddi problem olmasa da, sənəddəki məlumatların hansı əlifba ilə yazılması sahəsində bir sıra çətinliklər mövcuddur.

K.Əliyev bildirib ki, sürücülük vəsiqələri ilə bağlı hər ölkənin öz qanunvericiliyi var: "Şəxsən mən sürücülük vəsiqəmizdən xarici ölkələrdə istifadə etmişəm və hər yerdə də tanınıb. Əgər belə bir fikirlər səsləndirirlərsə, onda bizə hansısa vətəndaşımızın sürücülük vəsiqəsinin xarici ölkədə tanınmaması ilə bağlı bir fakt göstərsinlər".

BDYPİ şöbə rəisi Kamran Əliyev

DYP rəsmisi vurğulayıb ki, Azərbaycanda olduğu kimi, xarici dövlətlərdə də bu məsələlə qanunla tənzimlənir: "Məsələn, xarici ölkə vətəndaşları və yaxud xarici ölkələrdən sürücülük vəsiqəsi almış Azərbaycan vətəndaşları ölkəyə daxil olduqdan sonra bir ay ərzində sahib olduqları sürücülük vəsiqəsindən istifadə etməklə avtomobil sürə bilərlər. Daha sonra həmin şəxs Azərbaycanda milli sürücülük vəsiqəsi almalıdır. Eynilə də istər Almaniyada, istər İspaniyada, istərsə də Avropanın digər ölkələrində qanun bu formada tənzimlənir. Digər ölkələrdə sürücülük vəsiqələri ilə bağlı tələb fərqli ola bilər. Bu o demək deyil ki, bizim sürücülük vəsiqələrimiz konvensiya aktlarının tələblərinə uyğun deyil və tanınmır".

Şöbə rəisi əlavə edib ki, milli sürücülük vəsiqələrində şəxs haqqında məlumatın Azərbaycan dilinin əlifbasına uyğun formada yazılmaması və konvensiyanın konteksindən çıxarılaraq bənd ardıcıllığının pozulması barədə deyilənlər də doğru deyil. Çünki digər ölkələrdən DYP-yə Azərbaycan vətəndaşlarına protokol yazılması və məsuliyyətə cəlb olunması ilə bağlı heç bir məlumat daxil olmayıb: "Bəli, bu barədə məlumatım var. Məsələ burasındadır ki, hansı şəxs ümumi vətəndaş pasportu olmadan xarici dövlətə gedə bilər? Ən azından kimdəsə bir şübhə yaranırsa, o sürücülük vəsiqəsilə yanaşı, öz ümumi vətəndaş pasportunu göstərir. Həmin pasportda da şəxsin ad və soyadı eyni formada yazılır. Yəni latın əlifbasına uyğun olaraq qeyd olunur. Buna görə də şəxs haqqında məlumatın yazılışı məsələsi heç bir problem yarada bilməz. Onu da qeyd edim ki, "Yol hərəkəti haqqında" Konvensiyanın 6-cı hissəsində qeyd olunur ki, sürücülük vəsiqəsində əlavə məlumatlar milli qanunvericiliyin tələbi olduğu halda göstərilə bilər. Yəni bu məcburi xarakter daşımır. Konvensiyaya zaman-zaman müəyyən əlavələr, dəyişikliklər edilir və üzv dövlətlərə də milli qanunvericiliklərində bu dəyişikliklərin nəzərə alınması tövsiyə olunur. Ona görə də Azərbaycanda bu məsələ ilə bağlı artıq müvafiq işlər görülüb və yaxın vaxtlarda problem tam həllini tapacaq".  


Xəbərə aid foto