Prezident İlham Əliyev: "Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub"


Siyasət 06 Apr 2018 14:35:00 310 0

Prezident İlham Əliyev: "Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub"

Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "TASS" agentliyinə müsahibəsi zamanı bildirib.

Dövlət başçısı qeyd edib: "Bu il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib. Biz demokratik respublikanın 100 illik yubileyini il ərzində qeyd edirik və bu, cari ilin əsas hadisəsidir. Bilirsinizmi, tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni, bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır. Azərbaycan ədəbiyyatının klassiklərini oxuyanda görürsən ki, onların əsərlərində məhz bu gün aktual olan məsələlərlə bağlı fəlsəfi mövzular kifayət qədərdir. Buna görə də 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bizim üçün tarixi hadisədir. Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib. Əlbəttə, bu gün geriyə nəzər salanda birinci cümhuriyyətin banilərini minnətdarlıq hissi ilə xatırlayırıq, lakin onun aqibətindən daim ibrət dərsi almalıyıq. Bu cümhuriyyət iki ildən bir qədər az mövcud olub və biz, əlbəttə ki, bu dərsləri unutmamalıyıq. Buna görə biz bu gün Azərbaycanın müstəqilliyini, suverenliyini, iqtisadi potensialını, beynəlxalq nüfuzunu möhkəmlətmək üçün, Azərbaycanın həmişə təkcə forma etibarilə deyil, həm də mahiyyət etibarilə müstəqil olması üçün nə mümkündürsə edirik. Düşünürəm ki, əgər birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, onlar bizim ölkəmizlə fəxr edərdilər".