Prezident İlham Əliyev: "Azərbaycan silah ixrac edən ölkəyə çevrilir"


Siyasət 06 Apr 2018 13:57:00 234 0

Prezident İlham Əliyev: "Azərbaycan silah ixrac edən ölkəyə çevrilir"

"Ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi əsas prioritetlərdən biridir. Bu istiqamətdə çox iş görülüb. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir". 

Son.az bildirir ki,  bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "TASS" agentliyinə müsahibəsi zamanı bildirib.

Dövlət başçısı vurğulayıb ki, ölkəmiz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. 

"Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib.

Qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq. Silahların alınması məsələsinə gəldikdə, bu iş daha böyük seçim əsasında, daha konkret aparılacaq, müvafiq məsələlərin həlli üçün həyata keçiriləcək. Bununla paralel olaraq, təqribən 10 il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

Ona görə ki, o vaxta qədər biz hərbi məhsullar istehsal etmirdik. Bu gün isə belə məhsulları nəinki istehsal edir, həm də ixrac edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensialı yaradır. Belə ki, Azərbaycan silah ixrac edən ölkəyə çevrilir",  - Azərbaycan prezidenti İlham Əliyev söyləyib.