Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçirilib


Digərləri 06 Apr 2018 11:01:00 285 0

Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçirilib

Bu gün Bakı Ürək Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş "Səhiyyədə müasir nailiyyətlər" mövzusunda konfrans keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Milli Oftalmologiya Mərkəzinin, Respublika Diaqnostika Mərkəzinin (RDM) və digər tibb müəssisələrinin həkimləri iştirak ediblər.

Bakı Ürək Mərkəzinin baş həkimi Könül Xəlilova bildirib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib.

Respublika Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin müdiri Xəlil Hüseynov qeyd edib ki, oftalmologiya elminin inkişafı nəticəsində artıq oftalmoloji xəstəliklərin müalicəsində yeni üsullardan və texnologiyalardan istifadə edilir. Bu da ölkəmizdə bir çox xəstəliklərin müalicəsinə və mürəkkəb əməliyyatların həyata keçirilməsinə imkan yaradıb.