Bayılda sürüşmə zonasından götürülmüş nümunələr laboratoriya analizinə təqdim ediləcək


Digərləri 06 Apr 2018 07:52:00 293 0

Bayılda sürüşmə zonasından götürülmüş nümunələr laboratoriya analizinə təqdim ediləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmənin səbəblərinin öyrənilməsi üçün ərazidən süxur nümunələrinin götürülməsinə başlayıb.

Son.az bildirir ki, bunu Trend-ə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, hazırda Bayıl yamacındakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün buruq-qazma işləri aparılır.

Dəstə rəisi bildirib ki, sürüşmə sahəsinin müxtəlif hissələrində müxtəlif dərinlikdə olan bir necə quyu qazılacaq və oradan süxur nümunələri götürüləcək:

"Tədqiqatların aparılması üçün bir quyudan nümunənin götürülməsi kifayət etmir. Buna görə də ərazidə bir necə quyu qayılacaq. Quyulardan götürüləcək süxur nümunələri müqayisə edilməlidir. Süxur nümunələri laboratoriyada analiz edildikdən sonra sürüşmənin səbəbi aydınlaşdırıla və onun geoloji quruluşu haqqında yekun fikir söyləmək olar".