"Son qarış torpağımızı işğaldan azad etməyincə rahat dayanan deyilik"


Digərləri 06 Apr 2018 07:14:00 321 0

"Son qarış torpağımızı işğaldan azad etməyincə rahat dayanan deyilik"

Mən 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra ön xətdə zabit kimi xidmətə başladım və bu günə kimi ən çətin, məsuliyyətli döyüş tapşırıqlarını yerinə yetirməklə özümü Vətənimin əsl övladı sayıram.

Son.az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Aprel döyüşlərinin iştirakçısı, mayor Rəşad İsrafilov deyib.

O bildirib ki, cəbhə bölgəsində xidmət edərək ömrünün ən mənalı, dəyərli dövrünü yaşayır və bundan qürur duyur. Aprel döyüşləri ilə bağlı xatirələrini bölüşən mayor söyləyib: "Döyüşün ilk dəfə necə baş verdiyi bir kino lenti kimi gözlərim önündədir. Yüksək rütbəli zabitlərdən biri bizə düşmənin növbəti güclü təxribatının əks-hücumla dəf olunacağını bildirdi və onun rəhbərliyi ilə döyüşə atıldıq. Aprelin 1-dən 2-nə keçən gecə idi. Hamıda qələbə əzmi vardı, hər kəs bir inamla vuruşurdu: qələbə bizim olacaq. Doğru deyiblər, inam böyük qüvvədir, məhz gücümüzə güvənib düşmən üzərinə atıldıq və qısa bir vaxtda ən məsuliyyətli döyüş tapşırığını yerinə yetirdik.