Prezident: "Azərbaycanda cəmiyyətin radikallaşması ilə bağlı potensial risklər yoxdur"


Sosial 06 Apr 2018 06:56:46 282 0

Prezident: "Azərbaycanda cəmiyyətin radikallaşması ilə bağlı potensial risklər yoxdur"

"Yoxsulluq, işsizlik, ümidsizlik olan yerdə radikalizm və ekstremizm ideyaları özünə dəstək tapır"

"Çoxsaylı sosial-iqtisadi problemlər – yoxsulluq, işsizlik, ümidsizlik olan yerdə radikalizm və ekstremizm ideyaları özünə dəstək tapır, savadsız adamlar düşünürlər ki, xilas yolu elə bundan ibarətdir. Buna görə bu cür təbliğata qarşı mübarizənin mühüm amilləri, zənnimcə, təhsil üstəgəl iqtisadi və sosial inkişafdır".

“Report” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.

Prezident İlham Əliyev jurnalistin "Azərbaycan üçün bu təhlükə, radikal qruplaşmaların buraya soxulması təhlükəsi nə dərəcədə ciddidir? Siz buna qarşı mübarizə aparmağı nə dərəcədə zəruri hesab edirsiniz və bunu necə etmək olar?" suallarına belə cavab verib:

"Bilirsinizmi, potensial baxımdan bütün müsəlman ölkələrində bu cür təhlükə var. Əsas məsələ hökumətin, cəmiyyətin buna necə münasibət bəsləməsi, cəmiyyətin vəziyyəti, onun bu ideyanı qəbul edib-etməməsidir. Buna görə biz çoxdan başa düşmüşük ki, radikalizmin ixracına qarşı təkcə inzibati və ya hər hansı başqa tədbirlər vasitəsilə mübarizə aparmaq kifayət deyil. Biz bu cür təhlükəli ideyaların, necə deyərlər, həyat məkanını məhdudlaşdırmalı idik və buna nail olduq. Biz bu məkanı özümüzün fəal hərəkətlərimizlə məhdudlaşdırmalıyıq. Azərbaycanın dünyəvi dövlət kimi fasiləsiz uğurlu inkişafının başlıca qarantı, ilk növbədə, təhsildir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Təhsil məsələlərinə çox böyük diqqət yetirilir. Bunu demək kifayətdir ki, bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil. Müdafiənin səbəbləri aydındır. Təhsil isə məhz onun üçündür ki, Azərbaycan vətəndaşlarının gələcək nəsilləri savadlı olsun və radikalizmdən qoruna bilsinlər. İkinci mühüm amil sosial-iqtisadi inkişaf məsələsidir. Biz görürük ki, çoxsaylı sosial-iqtisadi problemlər – yoxsulluq, işsizlik, ümidsizlik olan yerdə radikalizm və ekstremizm ideyaları özünə dəstək tapır, savadsız adamlar düşünürlər ki, xilas yolu elə bundan ibarətdir. Buna görə bu cür təbliğata qarşı mübarizənin mühüm amilləri, zənnimcə, təhsil üstəgəl iqtisadi və sosial inkişafdır. Dediyim kimi, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir. Əlbəttə, fəal dövlət siyasəti və milli mənlik şüuru ideyalarının, bizim keçmişimizlə bağlı ideyaların, gələcək planlarımızın təbliği – bütün bunlar potensial təhlükələrə qarşı fəal mübarizə aparmağımıza kömək edir. Deməliyəm ki, ölkəmizin daxilində cəmiyyətin radikallaşması ilə bağlı potensial risklər yoxdur. Biz, sadəcə, özümüzü kənardan mənfi və təhlükəli təsirlərdən həm inzibati, həm də sosial-iqtisadi və ideoloji xarakterli tədbirlərlə qorumalıyıq.