"2016cı ilin aprelində olduğu kimi, yenə də düşmən üzərində zəfər qazanacağıq"


Digərləri 06 Apr 2018 00:45:00 316 0

"2016cı ilin aprelində olduğu kimi, yenə də düşmən üzərində zəfər qazanacağıq"

Müharibənin dəhşətlərini ata-baba ocaqlarımızı itirəndə - 1992-ci ildə Qubadlıdan didərgin düşəndə hiss etmişəm. Həmin vaxt qardaşım "Həsən Qorxmaz" ləqəbli Həsənqulu Qasımov yeni yaranan Milli Ordumuzun ilk zabitlərindən idi. Onu qızğın döyüşlərin birində itirdik. Həmin gün and içdim ki, torpaqlarımız düşmən tapdağından azad edilməyənədək hərbi formanı əynimdən çıxarmayacağam. Bir müddət sonra komandanlığın vəsatəti ilə zabit hazırlığı kursuna göndərildim və taleyimi ömürlük ordu ilə bağladım. Aprel döyüşləri başlayanda uşaq kimi sevinirdim. Öz-özümə dedim ki, indi meydan mənimdir, şəhid qardaşımın ruhu şad olsun deyə son nəfəsimədək döyüşəcəyəm.

Son.az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Aprel döyüşlərinin iştirakçısı mayor Faiq Qasımov deyib.

Faiq Qasımov bildirib: "Döyüşdən əvvəl general-mayor Mais Bərxudarov bizi ətrafına toplayıb dedi ki, 25 ildir gözlədiyimiz an yetişib. Əvvəlcə tanklar, daha sonra biz döyüşə girdik. Hamı bir nəfər kimi yüksək döyüş əzmində idi. Düşmən qəfil yaxalandığından çaş-baş qaldı, "dəmir atlarımız"ın nəriltisindən vahiməyə düşdü və silah-sursatını atıb qaçmağa başladı. Onların mövqelərini tutub möhkəmləndik. Qeyd edim ki, Ermənistan ordusunun səngərləri, yataq yerləri bərbad vəziyyətdə idi. Öz-özümüzə sual verirdik ki, görəsən o keçilməz Ohanyan səddi haradadır?".

Aprel döyüşlərinin daim xatirində qalacağını vurğulayan hərbçimiz bildirib ki, xüsusən şəhid zabitlərimiz Elnur, Rasim, əsgər Səyyad Quliyev və digər qəhrəman oğullarımızın igidlikləri heç vaxt unudulmayacaq. Onlar igid, cəsur, vətənpərvər döyüşçülər idilər və qorxu nə olduğunu bilmədən vuruşurdular. Elnur Əliyev neçə illər idi doğulduğu el-obasına həsrət qalmışdı. Həmişə deyirdi ki, görəsən, doğulduğum kəndimizə qayıtmaq mənə nəsib olacaqmı? Lələtəpə zirvəsindən onların kəndinə gedən yol görünür. Rahat uyu, qardaşım, sənin qisasın yerdə qalmayacaq, yenə də döyüşlər başlayacaq və həsrət qaldığın doğma yurdunu işğaldan azad edəcəyik. Həmin vaxt sənin də, şəhid qardaşımın da Qubadlının göylərində dolaşan ruhu şad olacaq. O gün mütləq gəlib çatacaq. Doğma ata ocağımız düşməndən azad olunmayanadək silahımı yerə qoymayacağam.

"Bu gün Ordumuz daha da qüdrətlənib. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə sıx əhatə olunan Ordumuz ən müasir silah-sursatla təmin olunub. Bu gün Azərbaycanın elə bir ucqar bölgəsi tapılmaz ki, orada müasir hərbi şəhərciklər salınmasın, elə hərbi hissə yoxdur ki, ən yüksək tələblərə cavab verən şərait olmasın. Azərbaycan dövlətinin Ordumuza yüksək qayğısı bizə daim döyüş ruhu aşılayır, ruh yüksəkliyimizi artırır. Biz 2016-cı ilin aprelində olduğu kimi, yenə də düşmən üzərində zəfər qazanacağıq", - deyə mayor Faiq Qasımov qeyd edib.