Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib


Siyasət 05 Apr 2018 22:31:00 252 0

Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib

Qoşulmama Hərəkatı üçlüyünün üzvü qismində Bakıda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin iclasına ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Fələstin xalqı ilə tam həmrəyliyimizi və Fələstin məsələsinin ədalətli və davamlı həllinə qəti dəstəyimizi bir daha bəyan etmək istərdim. Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclasında söyləyib.

"Təəssüf ki, şiddət və münaqişələr hələ də dünyada inkişaf və tərəqqiyə maneə yaradır. Qəzza zolağında baş verən hadisələr dərin narahatlığımıza səbəb olur. Qonşu Ermənistanla həll edilməmiş münaqişədən, işğal edilmiş ərazilərimizdə etnik təmizləmə və qeyri-qanuni məskunlaşmadan əziyyət çəkən bir ölkə kimi Fələstini tamamilə və aydın şəkildə anlayırıq", - deyə nazir qeyd edib.

Elmar Məmmədyarov bildirib ki, Fələstin və Azərbaycan tarixən bütün beynəlxalq forum və təşkilatlarda əməkdaşlıq edib və bir-birini dəstəkləyib. Bu həmrəylik ruhu müxtəlif mərhələlərdə öz sübutunu tapıb. Azərbaycan 2013-cü ildə "Əl-Qüds Əl-Şərif şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı" və "Fələstin Dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması" kimi iki uğurlu konfransa ev sahibliyi edib və müqəddəs şəhərin infrastrukturunun inkişafı və saxlanılması üçün mühüm ianə ayırıb. 2017-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının dəstəyi və BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının tətbiqi üzrə komissiyasının himayəsi ilə Qüds məsələsi üzrə beynəlxalq konfransa ev sahibliyi edib. 2018-ci ilin sonunda Azərbaycan hökuməti Bakıda Fələstin Dövlətinin Asiyada akkreditə olunmuş səfirlərinin illik toplantısına ev sahibliyi etməyi planlaşdırır.

İclasda Fələstinin, İranın, Türkiyənin, Venesuelanın xarici işlər nazirləri Riad Malki, Məhəmməd Cavad Zərif, Mövlud Çavuşoğlu, Xorxe Arreasa Monserrat çıxış edərək problemin iki dövlət prinsipi əsasında həll olunmasının önəmini bildiriblər. Qeyd edilib ki, problemin həlli Qoşulmama Hərəkatının gündəliyində əsas məsələ olmaqda davam edir. Davamlı sülhə nail olmaq təşkilatın prioritetləri sırasındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir.