Ayağı ilə rəsm çəkən Samirənin arzuları:


Digərləri 05 Apr 2018 20:44:00 348 0

Ayağı ilə rəsm çəkən Samirənin arzuları:

Bu dəfə yolumuzu hisslərini şəkilləri ilə ifadə edən istedadlı rəssam Samirə Salmanovanın evindən saldıq. Kiçik, amma mehriban və qonaqpərvər bir ailənin qonağı olduq. Samirə Salmanova ailənin ilk övladıdır. Gələcəyimizdən xəbərdar idi. Anası Faiqə xanım deyir ki, eşidəndə onu görməyə gələcəklər, çox sevinib. Ən çox sevdiyi qırmızı paltarını geyinib, bizi gözləyib. Qırmızı rəngə aşiq olan Samirə rəsmləri ilə çoxlarını özünə aşiq etməyi bacardı...

Son.az publika.az-a istinadən yeriməyə, danışmağa çətinlik çəkən, fikirlərini ayaqlarının köməyi ilə çəkdiyi şəkillərlə ifadə edən rəssam Samirə haqqında hazırladığı reportajı təqdim edir:

Samirəgil çoxmərtəbəli bina evinin 2-ci mərtəbəsində yaşayırlar. Əlil arabasında olduğu üçün çox gec-gec hava almağa çıxır. Pilləkənləri düşmək ona çox çətinlik yaratdığı üçün, həyat dolu bu qız cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayır. Onun bizə necə baxdığını təsvir etməkdə çətinlik çəkirəm. Sanki gözlərinin içi gülürdü, dayanmadan bir nəfəsə danışan uşaqlar kimi bizimlə söhbət etmək istədiyi hər halından bəlli idi. Amma o bizimlə ünsiyyət qura bilməsə də, bizi anlayırdı. Fikirlərini isə ən yaxın dostu, sirdaşı və anası Faiqə xanımın köməkliyi ilə bizə çatdırırdı. Faiqə xanım deyir ki, Samirədə rəsmə marağı qardaşı sayəsində yaranıb:

"Qızım 1981-ci ildə anadan olub. Anadangəlmə "uşaq-serebral iflic" diaqnozu ilə doğulub. Yeriyə, ayaq üstə dura bilmir, əli ilə heç bir iş görə bilməsə də, hər şeyi, hər kəsi görür və eşidir. Bütün bu çatışmazlıqlara baxmayaraq, Samirə də Allahın ona bəxş etdiyi istedadından istifadə edərək həyata tutunur. Onun bu istedadını, rəsm çəkməyə olan marağını isə qardaşının dəftər-qələmlə işləməsindən sonra kəşf etdik. Samirə 8 yaşından başlayaraq, dili ilə söyləyə bilmədiklərini fırça və rəngli boyaların köməyilə cəmiyyətə çatdırmağa başladı. Mənə elə gəlir ki, Samirə xəyalında canlandırdığı həyatı, yaşayışı çəkdiyi rəsmlərə köçürür..."

Biz söhbət etdikcə Samirə bizi dinləyirdi.. Sanki anasının dediklərini nöqtə-vergülünə qədər təsdiq etdiyini baxışları ilə, həyəcanlı gülüşü ilə bizə çatdırmağa çalışırdı. Evdə onun rəsmlərinin qoyulması üçün yer olmadığından, bir qismi divanın altında, bir qismi isə stolun üzərində qoyulmuşdu. Rəsmlərində ən çox təbiət mənzərəsinə üstünlük verən Samirə həyatdan küsməmək üçün özünə yeni-yeni ümidlər yaradır. Anası deyir ki, Samirənin ən böyük arzusu rəsmlərini rahat çəkə biləcəyi, heç kimin mane olmayacağı bir otağının olmasıdır:

"Samirənin 37 yaşı var. Rəsmləri o qədər maraqlı və düşündürücüdür ki, dəfələrlə müsabiqələrdə yüksək mükafatlara layiq görülüb. 1997-ci ildə Əlillərin 3-cü Ümumrespublika Yaradıcılıq Sərgisinə qatılıb. Daha sonra Əlillərin 5-ci Ümumrespublika Yaradıcılıq Sərgisinə təqdim etdiyi əsəri üçüncü yerə layiq görülüb. Samirənin əl işləri Moskvada Beynəlxalq "Filantrop" fondu tərəfindən təşkil edilən sərgiyə göndərilib. Burada da onun əsərləri 3-cü yerə layiq görülüb və mükafatlandırılıb. 2003-cü ildə isə onun rəsm əsərləri Şotlandiyanın Aberdin şəhərində "Konoko Filips" neft şirkətinin ofisində təşkil olunan sərgidə nümayiş etdirilib. Həmin sərgidən 3 il sonra İstanbulda əlil rəssamların çəkdiyi şəkillərdən ibarət sərgi keçirilmişdi. Samirənin çəkdiyi əl işi birinci yerə layiq görülmüşdü. Samirə qazandığı uğurlarına görə, inanılmaz dərəcədə sevinir. Yeni rəsm əsərləri yaratmaq üçün internetdə mənzərələrə baxır. İmkanımız olduqca onu rayonlara gəzməyə aparırıq. Orada gördüyü təbiət mənzərəsini yaddaşına həkk edir, daha sonra evdə rəngli boyalarla o rəsmi canlandırmağa çalışır. Samirə çox həssas insandı, biz ailədə Samirəyə xüsusi diqqət ayırırıq. Ondan ailə qayğısını heç vaxt əsirgəmirik".

Faiqə xanımın sözlərinə görə, cəmiyyətimizdə bəzi insanlar var ki, onun fiziki görünüşünə qəribə baxırlar. Bu isə Samirəni çox incidir. Həmin an keçirdiyi hissləri heç mənə belə izah edə bilmir:

"Təəssüf ki, cəmiyyətimizdə bəzi insanlar fiziki qüsurlu insan görəndə ya gülür, ya da insanı narahat edən baxışlar sərgiləyir. Bəzən bizdən soruşurlar ki, niyə Samirə xanımın sosial hesabı yoxdur. Bu kimi hallara görə, biz özümüz onun sosial şəbəkədəki bütün səhifələrini, hesablarını dondurmuşuq. Bizim ailə vəziyyətimiz o qədər yaxşı deyil. 8 ailə üzvü üçotaqlı mənzildə gördüyünüz bu şəraitdə yaşayırıq. Samirə səs-küy xoşlayan deyil. İşıqlı otaq istəyir. Biz də məcburiyyətdən onu mətbəx otağında yerləşdirmişik. Amma belə şəraitdə işləmək ona çətindir. Əslində ev ilə bağlı dəfələrlə dövlət qurumlarına müraciət etmişik. Ancaq təəssüf ki, hələ heç bir müsbət cavab ala bilməmişik..."

Onun çəkdiyi Ümummilli lider Heydər Əliyevin portreti ilə "Dağ gölü" adlanan rəsmi Moskvanın məşhur Tretyakov Qalereyasında qorunub saxlanılır. Bütün bunlar danışmaqda, addım atmaqda çətinlik çəkən 37 yaşlı rəssamın əldə etdiyi uğurların sadəcə kiçik bir hissəsidir. Həyat ona fiziki məhdudiyyətlər qoysa da, onun həyat eşqini əlindən ala, istedadının qarşısını kəsə bilmədi. Çoxlarının əlləri ilə yarada bilmədiyi gözəl və düşündürücü rəsmləri Samirə ayaq barmaqları ilə çəkib, ərsəyə gətirib. Təbii ki, bu məsələdə ailəsi də Samirədən öz dəstəyini əsirgəmir.

Bu həyatda ölümdən başqa, hər şeyə çarə var. Kim bilir, şəraitsiz bir vəziyyətdə yaratdığı bu qədər gözəl əsərləri, daha rahat evdə, şəxsi otağında nə qədər fərqli çəkə bilərdi. Samirə gələcəkdə tanınmış rəssamlardan biri ola bilər.


Xəbərə aid fotolar