"Bölgənin təhlükəsizliyi üçün AzərbaycanTürkiyə strateji əməkdaşlığı daha da dərinləşməlidir"


Siyasət 05 Apr 2018 18:22:36 231 0

"Bölgənin təhlükəsizliyi üçün AzərbaycanTürkiyə strateji əməkdaşlığı daha da dərinləşməlidir"

Bölgənin təhlükəsizliyi üçün Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq daha da dərinləşməlidir.

Son.az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr üzrə sədr müavini Mehdi Eker bildirib.

M.Eker deyib ki, Türkiyə-Azərbaycan münasibətləri, heç şübhəsiz, bölgədə sülhün və inkişafın təmin edilməsinə yönəlib: "Həm Türkiyə, həm də Azərbaycan "bir millət, iki dövlət" olduqlarını bilir və bu prizmadan çıxış edərək hər zaman bir-birilərinə həm regional, həm də beynəlxalq məsələlərdə dəstək olurlar".

O, Azərbaycanın hər zaman Türkiyəyə yetərincə dəstək olduğunu vurğulayıb: "Mən 2016-cı ildə yaşanan və Azərbaycanın Türkiyəyə verdiyi dəstəyin daha bir nümunəsi olan hadisəni xatırlatmaq istərdim. 18 fevral 2016-cı ildə Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilməli idi və bundan bir gün öncə, fevralın 17-də Ankarada terror aktı törədildi. Nəticə etibarilə iclasın tarixi martın 15-nə keçirildi. Lakin növbəti terror aktından sonra bu dəfə Prezident Ərdoğanın Azərbaycan səfəri təxirə salındı. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti Ankaradakı terror aktlarından sonra Türkiyəyə dəstək məqsədilə Şuranın iclasının Ankarada keçirilməsini təklif etdi".

M.Ekerin sözlərinə görə, Prezident İlham Əliyevin bu təklifi Türkiyənin çətin günlərində də Azərbaycanın onun yanında olması deməkdir: "Prezident İlham Əliyevin və ümumilikdə Azərbaycanın Türkiyəyə verdiyi bu dəstək "bir millət, iki dövlət" prinsipindən qaynaqlanır".

AKP-nin sədr müavini qeyd edib ki, iki qardaş dövlət strateji tərəfdaşlığı gücləndirməklə yanaşı, sahib olduqları ortaq mədəni irsin qorunması və mədəni əlaqələrin daha da inkişafı üçün əməkdaşlığı genişləndirməlidirlər.