I sinfə qəbul üçün 40 minə yaxın uşaq qeydiyyatdan keçdi


Digərləri 05 Apr 2018 16:57:00 261 0

I sinfə qəbul üçün 40 minə yaxın uşaq qeydiyyatdan keçdi

Aprelin 5-nə (saat 15:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 39 238 sorğu yerləşdirilib.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 36 108-i ümumi təhsil məktəblərini, 3 130-u isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 76 faizindən çoxdur.

Qeyd edək ki, I sinfə şagird qəbulu ilə bağlı 8 yaşdan yuxarı olan 8 nəfər uşaq üçün sorğu yerləşdirilib.

Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qrupunda oxuyan uşaq üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməyə ehtiyac yoxdur.

Qeyd edək ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.