“Report”: ABŞ dollarının bahalaşması üçün hələ tezdir - ANALİTİKA


Digərləri 05 Apr 2018 16:21:07 148 0

“Report”: ABŞ dollarının bahalaşması üçün hələ tezdir - ANALİTİKA

Bu ilin əvvəlindən qlobal maliyyə bazarlarında dolların məzənnəsi son 3 ilin aşağı həddinə düşüb

Bu ilin əvvəlindən qlobal maliyyə bazarlarında ABŞ dollarının məzənnəsi son 3 ilin aşağı həddinə düşüb.

“Report”un analitik qrupu bildirir ki, son vaxtlar Amerika valyutasının dünyanın digər aparıcı valyutaları (Kanada dolları, ingilis funt-sterlinqi, avro, İsveçrə frankı, Yaponiya yeni, Avstraliya dollar) qarşısında məzənnəsini əks etdirən dollar indeksinin əvvəlki səviyyəsini bərpa etməsi görüntüsü yaradılsa da, bunun üçün hələ tezdir.

Dollar indeksi azalmaqda davam edəcək və geriləmənin səbəbləri aşağıdakılardır:

- ABŞ prezidenti Donad Tramp Çini, öz məhsullarını daha rəqabətqabiliyyətli etmək üçün ucuz pul siyasəti həyata keçirməkdə ittiham etsə də, son vaxtlar özü də eyni siyasəti yeridir. Amerika rəhbərinin yerli istehsalçıları dəstəkləmək üçün atdığı bir sıra addımlar, nəzərdə tutulan vergi güzəştləri və ən vacibi Çinin ABŞ-a ixracına zərbə vurmaq üçün ticarət müharibəsindən belə çəkinməməsi onu deməyə əsas verir ki, lazım gəlsə dolların ucuzlaşdırılmasına belə gediləcək.

- ABŞ iqtisadiyyatı böyüməyə davam etsə də, investorlar hökumətin və Federal Ehtiyat Sisteminin (FED) uzlaşmayan siyasətindən narahatlıq keçirir. Beynəlxalq reytinq agentlikləri bu ilin əvvəlində bəyan edib ki, FED il ərzində uçot dərəcəsini 4 mərhələdə artıra bilər və məqsəd inflyasiyanın səviyyəsini sabit saxlamaq, iqtisadi artım tempini aşağı salmaqdır. D.Tramp administrasiyası isə buna əks addımlar atır və iqtisadiyyatı inkişaf etdirməyə çalışır. Son nəticədə dolların məzənnəsini proqnozlaşdırmaq çətinləşir və investorlar məzənnəsi daha sabit olan digər ölkələrin valyutalarına yönəlirlər.

- Bir sıra mərkəzi banklar eyni vaxtda pul-kredit siyasətini sərtləşdirir. Məsələn, Avropa Mərkəzi Bankı bu ilin əvvəlində yeritdiyi siyasətə yenidən baxmağa qərar verib. Sərt pul-kredit siyasəti isə dolların digər valyutalar qarşısında mövqeyini zəiflədir. Baxmayaraq ki, bir sıra ekspertlər ABŞ-ın milli valyutasının ucuzlaşmasını qlobal iqtisadiyyatının inkişafı ilə əlaqələndirirlər. Yəni, iqtisadi artım təkcə ABŞ-da baş vermir.

Bununla belə, əksər inkişaf etməkdə olan ölkələrdə dolların ucuzlaşacağından danışmaq çətindir. Məsələn, Azərbaycanla qonşu Türkiyənin milli valyutası – lirə son 1 ildə Amerika valyutası qarşısında 17% dəyərdən düşüb. Amma bu, daha çox lirəyə olan inamın azalması ilə bağlıdır. Türkiyədə siyasi risklərin artması, ölkədə gələn il keçirilməsi gözlənilən parlament və bələdiyyə seçkiləri öncə iqtisadi vəziyyətin proqnozlaşdırıla bilməməsi lirəni ucuzlaşdırır. Digər tərəfdən isə Türkiyə inflyasiya problemini uzun müddətdir ki, həll edə bilmir və son vaxtlar ixracın idxalı qarşılama nisbəti 72%-dən 58%-ə düşüb. Həmçinin ölkənin xarici borcu artmaqdadır, xarici ticarət üzrə kəsir isə ötən il 56 mlrd. dollardan 76 mlrd. dollara qalxıb. Bütün bunlar da milli valyutanın əleyhinə işləyir.