O adamlar şəxsiyyət və fərd olaraq heç bir mahiyyət kəsb etmirlər


Siyasət 05 Apr 2018 15:22:00 237 0

O adamlar şəxsiyyət və fərd olaraq heç bir mahiyyət kəsb etmirlər

Hazırda sığındıqları Avropa ölkələrində də onları heç kim tanımır

Hazırda sığındıqları Avropa ölkələrində də onları heç kim tanımır

Son zamanlar müxtəlif yollarla Avropada məskunlaşmış bəzi gənclər ən çirkin formada Azərbaycan rəhbərliyini, hökumət üzvlərini, hətta milləti təhqir edir, söyüş kampaniyasını davam etdirirlər. Təəssüflər olsun ki, əksəriyyəti gənc olan həmin azərbaycanlılar milli-mənəvi dəyərləri heçə sayaraq sosial şəbəkələr üzərindən söyüş kampaniyasını davam etdirir, aşağılayıcı davranışlara üstünlük verərək ağsaqqal və ziyalı tövsiyyələrinə məhəl qoymurlar. Bunun adını isə həyasızcasına "siyasi mübarizə" qoyurlar.

Son.az bildirir ki, uzun müddətdir Avropanın müxtəlif ölkələrində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran, erməni lobbisinin təbliğatına qarşı aktiv mübarizə aparan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Şərq"ə açıqlamasında deyib ki, xarici ölkələrdən siyasi sığınacaq almış radikal müxaliflər dövlətimiz əleyhinə fəaliyyət göstərirlər. Hüquq müdafiəçisinin sözlərinə görə, onların sayı barmaqla sayıla biləcək qədərdir. Sadəcə 4-5 nəfərdirlər: "Fikrimcə, həmin adamlar şəxsiyyət və fərd olaraq heç bir mahiyyət kəsb etmirlər. Onlar Azərbaycanda olanda hansısa ictimai-siyasi fəaliyyətlə məşğul olmayıblar. Elə hazırda sığındıqları Avropa ölkələrində də onları heç kim tanımır. Təsəvvür edin, 10 ildən artıqdır ki, Hollandiyada yaşayan Orduxan Teymurxan həmin ölkənin mühitinə, cəmiyyətinə inteqrasiya ola bilməyib. Hollandiyanın ictimai-siyasi dairələrində, gənclər sektorunda onun imzası yoxdur. 

Davamlı 10 il yaşadığı ölkə və cəmiyyət onu qəbul etməyib. Orduxan özünü təsdiqləmək, gündəmdə qalmaq istəyir. Ona görə də bütün gücünü sosial şəbəkələrə həsr edib. Bir ara səyyah kimi videolar çəkib paylaşırdı, amma gördü ki, buna əhəmiyyət verən yoxdur. Bundan sonra insanlığın ən sonuncu nöqtəsi olan söyüş və təhqirə keçdi. Söyüş və təhqirlə hər zaman insanların diqqətini çəkmək istəyirlər. Amma söyüşlə nə qədər, hansı səviyyədə gündəmdə qalmaq mümkündür?". Ə.Şahidov bildirib ki, Avropanın müxtəlif şəhərlərinə müvəqqəti səfərləri zamanı həmin xarici ölkələrin ən azı ombudsmanı, xarici işlər nazirlərinin müavinləri ilə görüşür: "3-5 günlük səfər çərçivəsində ATƏT və Avropa Şurasında çıxışlarımız, görüşlərimiz olur, mühüm konfranslarda iştirak edirik. Amma on illərdir Avropada yaşayan söyüşçülər indiyədək heç bir ciddi tədbirə qatılmayıblar. Çünki onlar nə dil bilir, nə də ki savadları və intellektləri buna imkan verir". Təşkilat rəhbəri vurğulayıb ki, onları ifşa etmək üçün həmin adamların şəxsi keyfiyyətlərini qabartmalıyıq:

"Söyüşlə yol qət etməyə çalışan insanların cavablarını qətiyyətlə vermək lazımdır. Çünki Azərbaycan hamımızın Vətənidir. Dövlət başçısı da hamımızın hörmət göstərdiyi dəyərli bir şəxsdir. Mən hüquq müdafiəçisi kimi söyüş və təhqirlərlə məşğul olan şəxslərin yaşadıqları ölkələrin ombudsmanlarına müraciət hazırlayıram. Təkcə ombudsmanlara yox, o ölkələrin hüquq-mühafizə orqanlarına, parlamentlərinə, məhkəmələrinə də müraciətlər edəcəm. Müraciətlərimdə onların söyüşləri, təhqirləri tərcümə olunaraq dövlət qurumlarına təqdim olunacaq. Məqsədimiz odur ki, Avropa ölkələri hansı cinayətkar ünsürlərə sığınacaq verdiklərini bilsinlər. Əminik ki, xarici ölkələrin müvafiq orqanları söyüş söyən şəxslərin çirkin fəaliyyətindən xəbərsizdirlər. Çünki onlar öz təhqirlərini, hədə-qorxularını Azərbaycan dilində həyata keçirirlər. İzah edəcəyik ki, təhqirlərlə mübarizə aparan adamlar təkcə Azərbaycan qanunlarını deyil, sığındıqları ölkələrin qanunlarını da pozurlar. Bununla bağlı hüquqi müstəvidə hərəkətə keçəcəyik. Seçkidən sonra Almaniya, Fransa və Hollandiya ombudsmanları ilə təkbətək görüşəcəm".