AntiAzərbaycan kampaniyası,


Siyasət 05 Apr 2018 14:55:00 220 0

AntiAzərbaycan kampaniyası,

Kampaniyanın məqsədi hakimiyyət tərəfindən Azərbaycanın müsbət imicini yaratmaq üçün həyata keçirilən piar cəhdlərini məhv etməkdir...

Son.az olaylar.az-a istinadən "Altay" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlının yazısını təqdim edir.

Azərbaycanda keçiriləcək prezident seçkilərinin başlanmasına az qalmış anti-Azərbaycan qüvvələr Qərbdən verilmiş komanda üzrə öz fəaliyyətini gücləndirib. Ölkəmizin ardıcıl surətdə öz nüfuzunu artırması təkcə Ermənistanı deyil, Qərbdə yerləşən bir çox dövlətləri və "beynəlxalq təşkilatları" da narahat edir. Buna görə də, cəmiyyət daxilində qarşıdurma yaratmaq üçün öz "5-ci kolon"larına müvafiq tapşırıqlar veriblər. Ölkə daxilində mitinqlər, xaricində isə virtual söyüş və təhqir kampaniyaları baş alıb gedir.

Anti-Azərbaycan koalisiyasını qıcıqlandıran nədir?

Sirr deyil ki, son illərdə Azərbaycanın siyasi, diplomatik, iqtisadi, sosial, mədəniyyət və idman sahələrində uğurlu irəliləyişi bəzi xarici dairələri, o cümlədən də erməni lobbisini qıcıqlandırıb. BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlükdən tutmuş, beynəlxalq təşkilatlarda fəal təşəbbüskarlıq, regionda iqtisadi liderlik Azərbaycanın dünyada nüfuz və reytinqini artırıb. Bura  öz ordusunu gücləndirmək və cəbhədə psixoloji və texniki üstünlüyü artırmaq, həmçinin siyasi arenada diktəedici mövqeyə keçməni də əlavə etsək narahatlığın nə qədər "əsaslı" olduğunu görmüş olarıq. 

Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə münasibətlərin xeyli yaxınlaşdırılması, aparılan uğurlu xarici siyasət nəticəsində çox sayda digər ölkələrin Azərbaycanın mövqeyini dəstəkləməsi Bakını dünyanın əsas regional güc mərkəzlərindən birinə çevirib. Bu isə xarici və daxili düşmənlərimizin xoşuna gəlmir. Buna görə də, özlərinin dediyi kimi, "Azərbaycana yerini göstərmək" üçün hərəkətə keçiblər. Özü də ən həssas məqamda.

Azərbaycana qarşı kimlər hansı kampaniyaya hazırlaşırlar?

Hələ, 2015 seçki ilində ortaya çıxan bəzi sənədlər bu fəaliyyətin hansı qlobal mərkəzlərdən təşkil və idarə olunduğu, bu anti-Azərbaycan fəaliyyətin ölkəmizdə Qərbin və erməni lobbisinin nəzarətində olan "5-ci kolon"un hansı üzvləri tərəfindən necə və hansı formalarda həyata keçirilməsi haqda dəqiq təsəvvür yaratmağa imkan verir.

Ortaya çıxan sənədlərə görə, bu kampaniyanın təşkil olunması ABŞ-ın National Endowment for Democracy (NED) təşkilatına həvalə edilmişdi. Məlumdur ki, NED uzun illərdir Azərbaycanda "5-ci kolon"un formalaşdırılması və hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı "tərəfdaş" QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.

Bu qüvvələrin hazırladığı genişmiqyaslı planın detalları haqda mətbuatda məlumatlar yayıldığından burada təkrar etməyəcəyik. Ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın keçmiş dövlət katibi, islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən Con Kerrinin Konqresdəki ofisi oynayırdı. 

Bu kampaniyaya çoxsaylı "beynəlxalq təşkilat"larla yanaşı, Azərbaycanda Milli Şura adlanan qüvvə, bəzi QHT-lər, mətbuat vasitələri, politoloqlar, iqtisadçı ekspertlər və sair ictimai xadimlər cəlb edilmişdi. 

Bu qüvvələrin Praqada keçirilmiş birgə görüşündə qəbul olunan sənəddə qeyd olunurdu ki, kampaniyanın məqsədi - "HAKİMİYYƏT TƏRƏFİNDƏN AZƏRBAYCANIN MÜSBƏT İMİCİNİ YARATMAQ ÜÇÜN HƏYATA KEÇİRİLƏN PİAR CƏHDLƏRİNİ MƏHV ETMƏKDİR". 

Hesab edirəm ki, burada əlavə şərhə ehtiyac yoxdur.

İnsan hüquqları haqqında beynəlxalq taftalogiya

Bu dəfə də Azərbaycana qarşı belə bir koalisiya təşkil olunub. Lakin bu kampaniyanın ölkədə dayaqları yoxdur. Nüfuzunu itirmiş 5-10 "ictimai-siyasi xadim"in, xalqın gözündən düşmüş siyasi partiya və QHT-lərin, dezinformasiya yaymaqla məşhur olan media vasitələrinin icimai rəyə təsir üçün imkanları tükənib.  

Bu qüvvələri xalqımızın Qarabağ dərdi kimi problemlər maraqlandırmır. Əldə bayraq etdikləri yeganə məsələ cinayət törədərək həbs olunmuş bir neçə şəxsin azad edilməsini tələb etməkdir. "İnsan hüquqları pozulur" deyib ortalığa atılanlar, insan hüquqları ilə anarxiyanı səhv salırlar. Konkret cinayətə görə məhkum olunmuşları hansısa anlaşılmaz məntiqlə siyasi məhbus elan ediblər. Daha anlamırlar ki, qanunu pozanlar bütün ölkələrdə cəzalandırılır. 

Dəfələrlə deyildiyi kimi, bunların idarə olunduqları xarici mərkəzlər əsil hüququ pozulanlarla bağlı susur, məsələn, Ermənistanın deportasiyasına məruz qalmış azərbaycanlılar barədə danışmırlar.

Bunların dərdi demokratiya, insan hüquqları filan deyil. Hər seçki keçiriləndə okeanın o tayından komanda gəlir və başlayırlar hardasa bir "hüquqü pozulan" adam "tapıb" hay-həşir salmağa. Başqa vaxtlarda həmin adamlar heç yada da düşmür.

Müxalifətin vəzifəsi nədən ibarət olmalıdır?

Hər bir ölkədə müxalifətin olması vacibdir. Lakin normal ölkələrdə müxaliflər dövlətə qarşı yox, hakimiyyətə qarşı mübarizə aparır. Onlar konkret konsepsiya və proqramlarını ortaya qoyurlar və seçkilərdə xalqın dəstəyini qazanmağa çalışırlar. Bizdə isə vəziyyət fərqlidir. Hakimiyyət və dövlət anlayışlarını fərqləndirmək istəməyən qüvvələr dövlətə qarşı mübarizə aparırlar. 

Məhz buna görə də, ictimai dəstəkləri yoxdur. Misal üçün, bütün radikal partiyalar birlikdə icazəli mitinqə 2-3 min nəfər çıxara bilmirlər. Bu halda bu uğursuzluğu ört-basdır eləmək üçün ən yaxşı yol kimi beynəlxalq diqqətin bizə yönəldiyi vaxtda yalançı hay-həşir salıb xarici ağalardan maliyyə qopartmaq üsulunu seçiblər. 

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da müəyyən problemlər var - bunu dövlət və hökumət rəhbərləri ən yüksək səviyyələrdə etiraf edir və həlli üçün mümkün olan hər şeyi edirlər. Lakin problemin olması o demək deyil ki, bundan özünün və xarici ağalarının məqsədləri üçün istifadə edəsən, odur ki, həmin problemlərin səbəbini araşdırmaq, həlli yollarını göstərmək və hökumətdən onu həll etməyi tələb edəsən. Təəssüf ki, biz bunu müşahidə etmirik, heç bir siyasi partiyanın aydın sosial-iqtisadi proqramı yoxdur, yalnız bir cümləni əzbərləyiblər - biz hakimiyyətə gəlsək bütün məsələləri həll edəcəyik. 

Xülasə, bütün bunlardan çıxan qısa nəticə budur. Azərbaycanın xarici düşmənləri daxili düşmənlərlə ələ-ələ verib ölkəni təsirləri altına salmaq, bundan sonra ondan istənilən güzəştləri əldə etmək, bölgədəki öz planları üçün alətə çevirmək istəyirlər. Bir çox ölkələrdə bunu həyata keçiriblər. Lakin bir şeyi unudurlar - Azərbaycan Liviya deyil, İraq deyil, Misir deyil, heç Ukrayna da deyil. Bu ölkədə xalqla hakimiyyətin birliyi var. Xalqın öz dövlətinə inamı var. 

Belə dövlətləri məhv etmək olmur.