"Liverpool" - "Manchester City" : De Bruyne üçün mövsümün antirekordu


İdman 05 Apr 2018 13:18:00 329 0

"Liverpool" - "Manchester City" : De Bruyne üçün mövsümün antirekordu

"Liverpool" Çempionlar Liqasının 1/4 finalında "Manchester City" üzərində 3:0 hesablı qələbə qazanmaqla cavab görüşü öncəsi böyük üstünlük əldə edib. Bu mövsüm rəqiblərin qorxulu yuxusuna çevrilən "City"də həm komanda, həm də fərdi futbolçuların statistikası ürəkaçan olmayıb. Goal.az xəbər verir ki, Mançester klubunun liderlərindən biri Kevin de Bruyne kəskin ötürmələrin sayına görə mövsümün antirekorduna imza atıb. Belçikalı yarımmüdafiəçi "Liverpool"la qarşılaşmada 8 dəfə həlledici ötürmə verməyə çalışıb. Bunları yalnız 1-i (13%) onun komanda yoldaşına çatıb. 1/4 finalın ilk qarşılaşmasına qədər De Bruynenin kəskin ötürmələri orta hesabla 45% dəqiq alınırdı. Premyer Liqada bu göstərici 54% təşkil edirdi.

"Manchester City"nin "Liverpool"la oyunda fərqlənməməsi isə təbii qəbul olunmalıdır. Qvardiolanın komandası oyun ərzində rəqibin qapı çərçivəsinə 1 dəqiq zərbə belə endirə bilməyib. "Şəhərlilər"in qapı çərçivəsinə endirilən zərbələrə görə orta göstəricisi Çempionlar Liqasında 5.6, Premyer Liqada isə 7.2-dir.

Yarımfinala çıxmaq yolunda daha şanslı görünən "Liverpool" isə turnirdə orta məhsuldarlığa görə liderdir. "Qırmızılar"ın bu mövsüm hər oyununa təxminən 3.44 qol düşür. Bu baxımdan ikinci ÇL-da mübarizəni dayandıran PSG (3.38), üçüncü isə "Real"dır (2.78).

Mersesayd klubunun yarımmüdafiəçisi Ceyms Milner isə ən çox məhsuldar ötürmə verənlərin siyahısına başçılıq edir. Təcrübəli havbek 7 assistlə yadda qalıb. Roberto Firmino (Liverpool), Kevin de Bruyne (Manchester City) və Dele Alli (Tottenham) hərəyə 4 ötürmə ilə sonrakı yerləri bölüşdürür.