Sakinlərə rahatlıq gətirən, iqtisadiyyatı şaxələndirən yollar


Digərləri 05 Apr 2018 12:56:00 240 0

Sakinlərə rahatlıq gətirən, iqtisadiyyatı şaxələndirən yollar

Azərbaycanda həyata keçirilən yol layihələri avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, iqtisadiyyatın inkişafına da təkan verir. Bunun xüsusilə kənd təsərrüfatına böyük təsiri var. Çünki yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaranır. Ümumilikdə, bu layihələr hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərir və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirir.

Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin salınması və yolayrıcılarının tikilməsi, magistral yolların inşa edilməsi sosialyönümlü tədbirlər sayılsa da, əslində, ölkənin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Hazırda ölkədə kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Bu layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan kifayət qədər vəsait ayrılır. Bununla yanaşı, ölkənin əsas yolları da müasir səviyyədə yenidən qurulur. İşlər qısa müddətdə və yüksək keyfiyyətlə görülür.

Təkcə keçən il Azərbaycanda onlarca yolun tikintisi və yenidən qurulması layihəsi sona çatdırıldı. 1300 kilometr avtomobil yolu salındı, neçə-neçə kəndə yol çəkildi. Şərti olaraq "40 yol" adlanan layihə ölkə əhalisinə böyük töhfədir. Belə ki, layihə çərçivəsində inşa edilən hər yol bir neçə kəndi birləşdirir. Bununla da onlarca kəndin yolu abadlaşır.

Yol layihələrinin icrası davam edir. Elə bu günlərdə Bərdə rayonunda Yeni Daşkənd-Umudalılar avtomobil yolunun yenidənqurmadan sonra açılışı olmuşdur. Bu yol 15 min nəfər əhalisi olan 17 yaşayış məntəqəsini birləşdirir. Yolun ümumi uzunluğu 25 kilometr, hərəkət hissəsinin eni 9 metrdir. İki hərəkət zolaqlı yol üzərində müxtəlif diametrli 45 suötürücü boru tikilib, yol nişanları, göstərici lövhələr quraşdırılıb. Bir sözlə, yolun inşası bütün texniki tələblərə və ardıcıllığa uyğun olmaqla yüksək səviyyədə yerinə yetirilib.

Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb.

Əsaslı şəkildə yenidən qurulan və bu il açılışı olan avtomobil yollarından biri də Mingəçevir-Bəhramtəpə yoludur. Yolun ümumi uzunluğu 26 kilometr, eni 12 metrdir. Üçüncü texniki dərəcəli yol iki hərəkət hissəlidir. Hərəkət hissələrinin hər birinin eni 3,5 metrdir. Layihə çərçivəsində iki yeni körpü və beş yeraltı keçid inşa olunub, 53 boru quraşdırılıb. İşlərin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün yolun yenidən qurulması zamanı bütün qüvvələr səfərbərliyə alınıb. İnşaat işləri texniki ardıcıllığa uyğun aparılıb. Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərini əlaqələndirən magistral olmaqla, tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.