Bakıda 150 min manatlıq dələduzluq edən qadının apellyasiya şikayəti təmin edilməyib


Sosial 05 Apr 2018 10:22:01 231 0

Bakıda 150 min manatlıq dələduzluq edən qadının apellyasiya şikayəti təmin edilməyib

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

Bakı Apellyasiya Məhkəməsinə Bakıda 150 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Aygün Rəhimovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Rəhimovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, A.Rəhimova 3 epizod üzrə dələduzluq etməkdə təqsirli bilinib. İş üzrə ümumi ziyan 150 min manatdır.

Belə ki, o, Bakıda Qüdrət Məmmədovdan şərikli biznes qurmaq adı ilə 85 min manat pul alıb. Lakin qadın onun etibarından sui-istifadə edərək verdiyi sözə əməl etməyib.

Daha sonra "İphone" telefonu satmaq adı ilə yenə Q.Məmmədovdan 14 min manat alıb. Lakin yenə A.Rəhimova pulu dələduzluq yolu ilə mənimsəyib.

Bundan başqa, A.Rəhimova Surxay Məmmədovdan qızl-zinət əşyaları satmaq adı ilə 55 min manat pul alıb. O, bu dəfə də verdiyi sözə əməl etməyərək dələduzluq edib.

A.Rəhimova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.