Novruz turistlərini necə qarşıladıq?


Digərləri 04 Apr 2018 23:03:00 268 0

Novruz turistlərini necə qarşıladıq?

Hotellərdə qiymətlərin 20-30 faiz endirilməsi Azərbaycanı turistlər üçün cəlbedici edib

Hotellərdə qiymətlərin 20-30 faiz endirilməsi Azərbaycanı turistlər üçün cəlbedici edib 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Dünyanın bir çox ölkələrindən Azərbaycana turist axını olur. Xüsusilə də, Novruz bayramı ərəfəsində şəhərdə addımbaşı turistə rast gəlinir. Elə bu il də Novruz şəhərdə özünəməxsus bir şəkildə qeyd edildi. Və demək olar ki, kifayət qədər də turist gəlmişdi. 

Builki Novruz bayramının turizm baxımından necə keçdiyini, turistlərə göstərilən xidmətin keyfiyyəti və üzə çıxan problemlərlə bağlı mütəxəssislərin rəyini öyrəndik. 

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirir ki, builki Novruz bayramı günlərində Azərbaycana gələn turistlərin sayı təxminən ötən ilki qədər olub. Onun sözlərinə görə, İran iqtisadiyyatında baş verən dəyişikliklərlə əlaqədar Azərbaycana bu ölkədən gələn turistlərin sayı ötən ilə nisbətən az olub. Amma buna baxmayaraq, Novruz bayramı günlərində ölkəmizə gələn turistlərin siyahısında İran turistləri yenə də ilk yeri tutub.

Assosiasiya sədri qeyd etdi ki, İran turistlərindən fərqli olaraq, bu il bayram günlərində ərəb ölkələrindən gələn turistlərin sayında daha çox artım olub: "Ümumilikdə bu il Novruzda Azərbaycana turistlər İrandan, ərəb ölkələrindən, Özbəkistandan, Qazaxıstandan və digər MDB ölkələrindən gəlib. Hansı ölkələrdə ki, Novruz qeyd edilir, o ölkələrdən Azərbaycana daha çox turist gəlib. Martın sonuna qədər  hotellərimiz dolu olub. Ötən bayramda martın 21, 22 və 23-ü üçün hotellərdə yerlər daha çox bronlaşdırılmışdısa, bu il martın 28-dən 30-na qədər olan müddət üçün yerlər daha çox tutulub.  Bu müddət üçün yerləri daha çox bronlaşdıranlar isə İran və ərəb ölkələrinin turistləridir. İranlılar daha çox Bakıya səfər edirlər. Ərəb ölkələrinin turistləri isə bölgələrə də gedirlər. Bu il Novruz bayramından əvvəl hotellərdə qiymətlərin 20-30 faiz endirilməsi də Azərbaycanı turistlər üçün cəlbedici edib".

Məsələ ilə bağlı Turizm Təbliğat Bürosunun da fikirlərini öyrəndik. Büronun əməkdaşı Kənan Quluzadənin məlumatına görə, turistlər, xüsusilə də iranlılar həm paytaxtda, həm də bölgələrdə kifayət qədər aktiv olublar: "Biz büro olaraq bu il Fəvvarələr meydanında möhtəşəm bir Novruz festivalı təşkil etdik. Builki tədbirimiz keçən ilkinə nisbətən daha rəngarəng oldu. Həm yerimizin geniş olması, həm də artıq bu sahədə kifayət qədər təcrübəyə malik olmağımız tədbirimizi uğurla başa vurmağımıza şərait yaratdı. Həmçinin ilk dəfə turistlər arasında sorğu keçirdik. Burada məqsəd büro olaraq, turistlərin ölkəmiz haqqında olan müsbət, mənfi fikirlərini öyrənmək və marketinq strategiyamızı qurarkən bu nüansları nəzərə almaqdır".