Generallar aprel döyüşlərindən danışdı VİDEO


Digərləri 04 Apr 2018 21:48:00 247 0

Generallar aprel döyüşlərindən danışdı  VİDEO

Aprel döyüşlərinin növbəti ildönümündə yenidən həmin günlərə qayıdırıq. Bu dəfə iki istiqamətdə gedən döyüşlərə başçılıq edən generallar hadisələrin necə başlayıb necə sonlanması barədə danışıblar. Son.az bildirir ki, onlar Azərbaycan ordusunun qalibiyyətinin mahiyyətini açıblar, Azərbaycan əsgərinin şücaətindən, ordumuzun hazırlıq səviyyəsindən danışıblar. Onlar əminliklə deyirlər ki, yenidən buna bənzər döyüşlər baş verərsə, Azərbaycan ordusunun zərbələri daha sarsıdıcı olacaq.

Hərbi birlik komandiri, general-mayor Hikmət Həsənov deyir ki, döyüşə hazırlıq tam məxfi şəkildə aparılıb. Maddi-texniki baxımdan güclü olan ordumuz psixoloji baxımdan da hazır olub. Düşmənə heç gözləmədiyi anda əks-həmlə zərbələri endirilib. Nəticədə Ermənistan silahlı qüvvələrinin illərdir gücləndirdiyi mövqelər ordumuzun planlı hücumları ilə yarılıb.

Yəni həmin ərəfədə həm düşmənin diversiya təxribatlarının qarşısı alınıb, həm də əks-həmlə zərbələri üçün planlar hazırlanıb. General-mayor Hikmət Həsənov qeyd edir ki, bu döyüşlər ordumuz üçün bir sınaq idi.

Hərbi birlik komandirinin sözlərinə görə, həmin döyüşlər ərəfəsində düşmən yaşayış məntəqələrimizi vurmaqla mülki əhali arasında çaxnaşma yaratmağa çalışırdı. Ancaq ordumuzun vaxtında atdığı addımlar sayəsində düşmən buna nail ola bilmədi. General-mayor Mayis Bərxudarov deyir ki, düşmən ordumuzun əsl gücünü və nəyə qadir olduğunu gördü.