Məhəllədaxili problemlər artıq ciddi xarakter daşımağa başlayıb


Digərləri 04 Apr 2018 19:26:00 276 0

Məhəllədaxili problemlər artıq ciddi xarakter daşımağa başlayıb

Son dövrlərdə ölkədə aparılan uğurlu dövlət siyasətinin bir hissəsi kimi ölkənin şəhər və rayon mərkəzlərində, xüsusilə də Bakı şəhərində aparılan tikinti-quraşdırma və abadlıq işləri hər bir Azərbaycan vətəndaşının ürəyincədir. Görülən bu işlər şəhərlərin simasını yaxşı mənada xeyli dəyişməklə yanaşı, həm də başlıca olaraq insanların rahat yaşamasına xidmət edir. Bu müsbət dəyişikliklər ölkə sakinləri ilə yanaşı, həm də ölkəmizə gələn xaici qonaqlar və turistlər tərəfindən də yüksək rəğbət hissi ilə qarşılanır və qısa müddət ərzindəki bu dəyişikliklər onları haqlı olaraq heyrətləndirir. 

Şəhərin küçə və meydanlarında aparılan yenidənqurma və abadlıq işləri artıq son zamanlar məhəllədaxili ərazilərə də sirayət etməyə başlamışdır. Lakin küçə və meydanlardan fərqli olaraq keçmiş dövrlərdən obyektiv və ya subyektiv səbəblərdən miras qalmış bir sıra problemlər məhəllə daxilində belə xoş niyyətli işlərin davam etdirilməsinə əngəllər yaratmaqdadır. Bu əngəllər sırasına məhəllə daxilində sonradan kifayət qədər əsas olmadan inşa edilmiş və ya quraşdırılmış yöndəmsiz qarajlar, yan tikililər və ya əlavə tikililər daxildir. Əvvəlcə belə bir vəziyyətin yaranma səbəblərinə diqqət yetirmək yerinə düşərdi:

Fərdi qarajlar.

Keçmiş SSRİ-də motorlaşmanın sürətlə artdığı 1960-70-ci illərdən başlayaraq insanların fərdi minik avtomobilləri üçün şəxsi qarajlar tikməsi və ya icarəyə götürməsi təlabatı belə tikililərin meydana gəlməsinə səbəb olmuşdur. Hazırda çoxmənzilli yaşayış binaların həyətlərində ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahələrində kifayət qədər əsas olmadan yöndəmsiz şəkildə quraşdırılmış və ya inşa edilmiş müxtəlif tipli qarajlar məhəllələrin ümumi ansamblına xələl gətirərək, sadəcə dekorativ xarakter daşımaqla yanaşı əksər hallarda heç bir funksiyanı yerinə yetirmir və sahibləri tərəfindən yatmış əmlak kimi istifadə edilməklə spekulyativ əmlak növünə çevirilmişdir. Hazırda Bakıda və respublikanın digər iri şəhərlərində minlərlə bu tipli qarajlar mövcuddur. Bununla bağlı heç bir tənzimləyici fəaliyyətin aparılmaması nəhayət etibarı ilə məhəllələr daxilində hərəkəti məhdudlaşdırmaqla yanaşı insanların istirahəti üçün ayrılmış yerlərin azalmasına səbəb olmuşdur. Bu tipli qarajların tikintisi və ya quraşdırılması üçün verilmiş sərəncamlar əksər hallarda şəhərsalma norma və qaydalarına zidd olmaqla yanaşı, həm də əsasən yüngül konstruksiyalardan müvəqqəti xarakterli qarajların quraşdırılması üçün nəzərdə tutulmuşdu. Elə bu səbəbdən də həmin qarajlar daşınmaz əmlak sayılmadığından haqlı olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmır. Belə tikililər üçün tərtib edilən texniki pasportlar isə bu əmlak sahiblərinə mülkiyyət hüququ vermir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, bu texniki pasportlara istinad edərək alqı-satqı müqavilələrinin daşınmaz əmlak kimi notarial qaydada təsdiq edilməsi də qanunvericiliyin tələblərinə uyğun olmayan hal kimi dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyində qarajlar ayrıca bir daşınmaz əmlak növü kimi nəzərdə tutulmamış və qeyd olunduğu kimi onlar daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmədiyindən onlara mülkiyyət hüquqları əldə edilməmişdir.