“Report”: Bitkoinin bundan sonra ucuzlaşma ehtimalı bahalaşma ehtimalından yüksəkdir - ANALİTİKA


Digərləri 04 Apr 2018 15:50:47 199 0

“Report”: Bitkoinin bundan sonra ucuzlaşma ehtimalı bahalaşma ehtimalından yüksəkdir - ANALİTİKA

Bu ilin sonuna qədər kriptovalyutanın kapitallaşması 77 mlrd. dollara düşə bilər

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoin 2017-ci ildə sürətlə bahalaşanda həm yerli, həm də xarici mütəxəssislər onun qiymətinin tezliklə 100 min ABŞ dollarını keçəcəyini deyirdilər. Amma bu, baş vermədi. 2018-ci ilin əvvəlindən bitkoin sürətlə ucuzlaşdı və onun indiki qiyməti ilə 3 ay əvvəlki qiyməti arasında təxminən 2 dəfə fərq var.

“Report”un analitik qrupu hesab edir ki, kriptovalyutanın bundan sonra dəyərdən düşmə ehtimalı dəyən qazanma ehtimalından yüksəkdir. Bu isə bir neçə amillə bağlıdır:

- İnvestorlar bitkoinə əvvəlki kimi maraq göstərmirlər. Yəni, kriptovalyutaya yatırım vasitəsi kimi ötən il müşahidə edilmiş tələbat bu il yoxdur;

- Böyük 20-lik ölkələrinin martda keçirilmiş sammitində bitkoin də daxil olmaqla kriptovalyutaların ödəniş vasitəsi kimi qəbul edilməməsi fikri formalaşıb. “Super güc”lər rəqəmsal pulların “çirkli pullar”ın yuyulmasına şərait yaratmasından, onlardan terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsindən narahatlıqlarını bildirib, kriptovalyuta bazarının vergiyə cəlb olunmasını ciddi şəkildə müzakirə edib. Bu məsələlər də bitkoinə marağı azaldır.

- “Facebook” və “Google”un ardınca “Twitter” də kriptovalyutaların alqı-satqısı ilə bağlı reklamları qadağan etdiyini bəyan edib. Yaponiya istisna olmaqla Asiyanın bütün ölkələri bitkoindən istifadənin əleyhinədir. O cümlədən Hindistanın maliyyə naziri Arun Cetli kriptovalyutadan istifadəyə qadağa qoyulacağı ilə bağlı qəti bəyanat verib. Oxşar tendensiya Avropada da gedir. Məsələn, “Lloyds Banking Group”a daxil olan İngiltərə bankları kredit kartları ilə kriptovalyuta alışını dayandırıb. Bütün bunlar bitkoinin gələcək perspektivini şübhə altına alır.

Bu arada İsveçrəli araşdırmaçılar - Sürixdən olan professorlar Spenser və Sornette bəyan edib ki, bu ilin sonuna bitkoinin kapitallaşması 77 mlrd. düşə bilər. Onların fikrincə, bu həftənin əvvəlinə 118 mlrd. dollar təşkil etmiş kapitallaşma göstəricisi yaxın 9 ay ərzində 41 mlrd. dollar azalacaq, yəni birkoin təxminən 35% ucuzlaşacaq. Bu proqnoz spekulyativ şarların gələcəyini müəyyən edən ‘Log-Periodic Power Law Singularity’ riyazi modelinə əsaslanır.