Böyükkişi Ağa oğlu Ağayevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb


Digərləri 04 Apr 2018 15:55:00 347 0

Böyükkişi Ağa oğlu Ağayevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağa oğlu Ağayev 2018-ci il aprelin 4-də ömrünün 90-cı ilində vəfat etmişdir. 

Böyükkişi Ağayev 1928-ci il sentyabr ayının 10-da Sabirabad rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1944-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində ali təhsil almışdır.

1950-ci ildə Sabirabad rayon xəstəxanasında əmək fəaliyyətinə başlayan Böyükkişi Ağayev burada 1954-cü ilədək həkim-cərrah işləmişdir. O, 1954-1957-ci illərdə Moskva şəhərində İkinci Moskva Dövlət Tibb İnstitutunun cərrahiyyə üzrə aspiranturasında oxumuş, aspiranturanı bitirdikdən sonra, 1958-1960-cı illərdə Həştərxan Tibb İnstitutunun cərrahiyyə kafedrasının assistenti olmuşdur.

1960-cı ildə Bakıya qayıdan Böyükkişi Ağayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Onkologiya İnstitutunda əmək fəaliyyətini davam etdirərək 1967-ci ilədək İnstitutun cərrahiyyə şöbəsinin baş elmi işçisi və şöbə müdiri vəzifələrində çalışmışdır.

1968-ci ildə Azərbaycan Tibb Universitetinin hospital cərrahiyyə kafedrasına professor seçilən Böyükkişi Ağayev 1973-cü ildən ömrünün sonuna qədər universitetin ikinci cərrahi xəstəliklər kafedrasına rəhbərlik etmiş və bütün bu illər ərzində tibb kadrlarının hazırlanması işində mühüm xidmətlər göstərmişdir. O, eyni zamanda, 1988-1999-cu illərdə Elmi Tədqiqat Qastroenterologiya İnstitutunun, 1999-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Cərrahiyyə Mərkəzinin direktoru vəzifələrini tutmuşdur.

Böyükkişi Ağayev 1957-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1968-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Azərbaycanda tibb elminin yeni biliklərlə zənginləşdirilməsi və tədrisində akademik Böyükkişi Ağayevin xüsusi rolu və əməyi vardır. Respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan alimin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açmışdır. Alim eksperimental nəticələr əsasında təcrübi tövsiyələri və ixtiraları ilə tibb elminə təqdirəlayiq töhfələr vermişdir.

Böyükkişi Ağayev 400-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, üçcildlik "Cərrahi əməliyyatlar atlası"nın, dərslik, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Ölkənin qastroenteroloq həkimlərinin bütöv bir nəsli Böyükkişi Ağayevin tədqiqatlarından bu gün mötəbər mənbə kimi istifadə etməkdədirlər. Alimin xarici dillərdə işıq üzü görən fundamental-nəzəri əhəmiyyətli əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanmışdır.

Böyükkişi Ağayevin rəhbərliyi ilə 9 tibb üzrə elmlər doktoru, 52 tibb üzrə fəlsəfə doktoru və çox sayda yüksəkixtisaslı cərrah qastroenteroloq hazırlanmışdır. Dünyanın bəzi tanınmış səhiyyə mərkəzlərində alimin yetirmələri hal-hazırda uğurla çalışmaqdadır. Böyükkişi Ağayev mötəbər beynəlxalq konfrans və simpoziumlardakı məzmunlu çıxış və məruzələri ilə Azərbaycanın müasir tibb elmini layiqincə təmsil etmişdir.

Böyükkişi Ağayevin ictimai fəaliyyəti də səmərəli olmuşdur. O, bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü və 12-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.

Akademik Böyükkişi Ağayevin ölkədə təbabətin inkişafı və həkim kadrların yetişdirilməsi sahəsində xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Görkəmli alim, gözəl pedaqoq və qayğıkeş insan Böyükkişi Ağayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev