"Qarabağ məsələsinin uzanması Azərbaycanın inkişafı üçün böyük maneədir"


Siyasət 04 Apr 2018 14:24:00 240 0

"Qarabağ məsələsinin uzanması Azərbaycanın inkişafı üçün böyük maneədir"

Makedoniya Türk Hərəkat Partiyasının sədri, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim Azərbaycan, Dağlıq Qarabağ probleminin uzanması və 11 aprel prezident seçkiləri ilə bağlı müsahibə verib.

- Enes bəy, Azərbaycan Balkanlar üçün hansı önəmi kəsb edir?

- Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan Respublikası istər siyasi, istərsə də enerji sahəsində önəmli strateji mövqeyə sahibdir.  Son illər sürətlə inkişaf edən Azərbaycan dünyanın parlayan ulduz dövlətinə çevrilib. Bununla qürurlanmamaq, sevinməmək mümkün deyil.  Təəssüf ki, Qarabağın işğalı, problemin hələ də həll olunmaması Azərbaycanın daha sürətli inkişafına əngəl yaradır. Məsələ həll olunarsa, Azərbaycan bölgədə inkişafını sürətləndirəcək.  Qarabağ məsələsinin uzanması Azərbaycanın inkişafı üçün böyük maneədir. Bu azmış kimi, Qarabağda zaman-zaman atəşkəsin pozulması xəbərləri bizi üzür.

- Aprelin 11-də Azərbaycanda prezident seçkiləridir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Demokratiyanın ən əsas təməllərindən biri seçkilərdir. 11 aprel tarixi də  Azərbaycan Respublikası üçün vacib bir gündür. Seçki qutusu istər Azərbaycan Respublikasının vətəndaşları, istərsə də dövlət üçün imtinaedilməz amildir. Demokratiya mədəniyyətinin inkişafı üçün də hər vətəndaşın səs verməsi lazımdır. Nəzərə almaq laızmdır ki, bir ölkə üçün sabitlik önəmlidir. 11 aprel seçkilərindən sonra sabitliyin qorunub  saxlanılması vacibdir.

- Bu yaxınlarda Azərbaycana bir neçə günlük səfərə gəlmişdiniz. Azərbaycanı necə gördünüz?

- Azərbaycan bu gün inkişaf edən dövlətdir. Seçkilərdən sonra Azərbaycan daha da böyüyərək Türk dünyasının parlayan ulduz dövləti olacağına inancım böyükdür.  Bu günə qədər Azərbaycan-Makedoniya dövlətləri arasında mövcud olan dostluq əlaqəsi bundan sonra daha da möhkəmlənəcək.. Makedoniyada Türk toplumu iki dövlət arasındakı əlaqələrin qurulması və inkişafı üçün bir körpü rolu oynayır. Bu məsələni diqqətdə saxlamaq lazımdır. Onlar həm də Azərbaycanı Balkanlarda müdafiə edən güclü icmadır.  Bundan əlavə, Makedoniya Respublikası Azərbaycan və azərbaycanlı iş adamları üçün Avropada körpü rolunu oynaya bilər.

11 aprel Prezident seçkiləri Azərbaycana, həmçinin bütün Türk dünyasına xeyirli olsun.

Elnur Eltürk