Xəzərin sahilində böyüyüb gözəlləşən şəhər FOTO


Digərləri 04 Apr 2018 13:55:00 291 0

Xəzərin sahilində böyüyüb gözəlləşən şəhər  FOTO

Son.az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.

Son illər Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar sayəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının yaxşılaşdırılmasına nail olunmuşdur. Regionların sosial-iqtisadi inkişafına dair birinci (2004-2008) və ikinci dövlət proqramlarının (2009-2013) uğurla icrası, habelə üçüncü Dövlət Proqramı (2014-2018) çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması ölkəmizi dinamik inkişaf yoluna çıxarmışdır. Artıq regionların siması büsbütün dəyişmiş, insanların sosial rifahı modern həyat standartlarına yaxınlaşmışdır. Ölkəmizin iqtisadi tərəqqisinə töhfəsini davamlı şəkildə artıran, əhəmiyyətli proseslərdə özünəməxsus rol oynayan şəhərlərdən biri də Sumqayıtdır.

Respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını da davamlı olaraq genişləndirir. Son illərin dinamik inkişafı Sumqayıtın simasında da aydın müşahidə olunur. Xariqələr diyarına çevrilən və əzəmətli görkəmini yenidən bərpa edən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın gözəl şəhərləri sırasında yer alan Sumqayıt, eyni zamanda sürətli inkişafın əsas ünvanlarından biridir. Sumqayıtın sabaha hesablanan inkişaf prosesləri sürətli proqram əsasında aparılır.

Sosial sifarişin inikası

Respublikamızda son 15 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək cəmiyyətin sosial sifarişinin inikasıdır. 

Sevindirici haldır ki, ölkəmizin iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sumqayıtın tərəqqisi yeni inkişaf konsepsiyası əsasında aparılır. Ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəlir, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılır. Son iki il ərzində ümumilikdə şəhərə 27,7 milyon manat vəsait ayrılıb ki, bu da xüsusi diqqətin, Sumqayıtın müasir şəhərə çevrilməsinə qayğının bariz təzahürüdür. Məlumdur ki, hər bir işin icrası zamanı ilk növbədə prinsiplərin, tezislərin müəyyən edilməsi lazım gəlir. Bu şəhərdə də görülən işlər xaotik xarakter daşımır, müasir şəhərsalma prinsiplərinə uyğun hazırlanmış proqram çərçivəsində vahid yanaşmaya əsasən konseptual şəkildə aparılır. Son illərin inkişafı şəhərdə həmişə problem yaradan giriş yollarından başlamış, şəhərin hər iki istiqamətdə yolları genişləndirilərək yenidən qurulmuşdur. Göstərilən ərazilərdə və onların ətrafında yaşıllıq zolaqları salınaraq milli memarlıq üslubunda qala divarları çəkilmişdir. Belə ki, şəhərin əsas giriş qapısı olan Sülh küçəsi hər iki tərəfdən genişləndirilərək nəqliyyat vasitələrinin rahat hərəkəti üçün əlverişli şərait yaradılmışdır. Şəhərə giriş yolunun hər iki tərəfində uzunluğu 7 kilometr olan yağış sularının qəbuledicisi, su, kanalizasiya, kommunikasiya xətləri çəkilmişdir. Həmin ərazidə minlərlə kvadratmetr sahəyə yaşıl örtük salınmış və təkcə bu ərazidə 130 mindən çox ağac və dekorativ kollar əkilərək onu daha möhtəşəm etmişdir. Şəhərin giriş yolunun başlanğıcında əzəmətli Bayraq meydanı vizit kartına çevrilib. Yüksəklikdə dalğalanan üçrəngli Azərbaycan bayrağı təşrif buyuran hər bir kəsin qəlbinə bir qürur hissi aşılayır.  Mikrorayon və məhəllədaxili ərazilərdə, qəsəbə və bağlar massivlərində yollara asfalt çəkilmiş, həmin yollarda piyada keçidləri yaradılmışdır. Keçirilən ağacəkmə kampaniyalarında həmin ərazilərdə yaşıllaşdırma işləri genişlənmiş, salınan bağlar əsasında xüsusi zolaqlar yaradılmışdır.

Mədəniyyət ocaqlarına qayğı

Şəhərin mədəni elitasının göstəricisi olan Sumqayıt Dövlət Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən qurulub. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika, işıqlandırma sistemləri və digər avadanlıqlar quraşdırılıb. Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib. Teatrın qarşısında işıqlandırma sistemi müasir standartlara uyğun yenidən qurulmuş, binanın qarşısında iki fəvvarə və böyük monitor yerləşdirilmişdir. Yenicə təmir edilən Kimyaçılar sarayı da bu istiqamətdə görülən işlərə bariz nümunədir.

Şəhərin park və xiyabanlarına daim diqqətlə yanaşılır. Özü də Sumqayıtda bu iş xüsusi proqram əsasında mərhələlərlə həyata keçirilir. Bir sıra şəhərlərdə boş yer tikinti meydançasına verildiyi halda Sumqayıtda məhz həmin ərazidə ağac əkir, yaşıllıq zonası yaradırlar.  Heydər Əliyev adına parkda yenidənqurma işləri aparılmış, ərazi 8 hektardan 10 hektara qədər genişləndirilmişdir. Müasir işıqlandırma sistemi qurulmuş, yeni ağaclar əkilmiş, geniş həcmdə abadlıq işləri aparılmış, rəngli fəvvarələr kompleksi və Bayraq Meydanı tikilmişdir. Eyni zamanda uşaqlar üçün əyləncə mərkəzi inşa olunmuşdur.  Heydər Parkında sahəsi 5 min kvadratmetr olan dördmərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilib, önündə ulu öndər Heydər Əliyevin ağ mərmərdən heykəli ucaldılıb. Mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən muzey, 420 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərir. Nikah evi də burada yerləşir.

Gənclər gələcəyimizdir

Sumqayıtda həyata keçirilən geniş işlərdən biri də gənclərlə bağlıdır. Gənc nəslə qayğı, onların problemlərinin həlli, təhsil almaları üçün şəraitin yaradılması prioritet məsələlərdəndir. Heydər Əliyevin adını daşıyan parkda müasir memarlıq üslubunda dördmərtəbəli Uşaq İncəsənət məktəbi tikilib istifadəyə verilib. Bu gün yüzlərlə gənc burada incəsənətin sirlərini öyrənir, asudə vaxtlarını ruhu dincəldən musiqini dinləməklə keçirirlər. 

Həmin ərazidə ikimərtəbəli Şahmat məktəbi də inşa edilərək müasir avadanlıqla təchiz edilib. Əbəs yerə deyil ki, sumqayıtlı şahmatçılar dünyanın ən yaxşıları arasında xüsusi nüfuz sahibidirlər. Bu da gənclərin asudə vaxtlarının daha da səmərəli keçirmələri üçün stimul verən önəmli faktordur. Son bir neçə ildə şəhər məktəbliləri arasında tematik keçirilən tədris layihələri də öz bəhrəsini verməkdədir. Təkcə ötən il ali məktəblərə qəbul olan tələbələr əvvəlki illərdəkindən çoxdur. Şəhərin təhsil müəssisələrində tədrisin keyfiyyətinin və əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması, bu sahələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi daim diqqətdədir. Təhsil müəssisələri əsaslı və cari təmir olunub. Bu gün məktəblərin müasir tələblərə cavab verməsi istiqamətində işlər davam etdirilir. Bakıda keçirilən I Avropa və IV İslam Həmrəyliyi Oyunlarında sumqayıtlı idmançılar da əzmkarlıq göstərərək qalib olmuşlar.

Sumqayıt Dənizkənarı Bulvarı möcüzədir

Sumqayıtda həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb. Son dövrlərdə şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqətlə yanaşılır. Həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıt Dənizkənarı Bulvarın və şəhər çimərliyinin yaradılmasıdır. Xəzər dənizinin göy sularının çırpıldığı Sumqayıt sahillərində belə bir bulvarın salınması ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıtın simasının daha da gözəlləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. 


Xəbərə aid fotolar