Azərbaycan tibb elminə ağır itki üz verib
Digərləri 04 Apr 2018 11:40:00 244 0
Azərbaycanın görkəmli alimi, cərrah, tibb xadimi, pedaqoq, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında vəfat edib.
Bakı.
Azərbaycan tibb elminə ağır itki üz verib.
AMEA-dan Trend-ə verilən məlumata görə, Azərbaycanın görkəmli alimi, cərrah, tibb xadimi, pedaqoq, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında vəfat edib.
Böyükkişi Ağayev Azərbaycan tibb elmini, səhiyyə və təhsilini yorulmaz nəzəri və praktiki fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan məhsuldar elm adamı, bacarıqlı səhiyyə təşkilatçısı idi. O, 1928-ci ildə Azərbaycanın Sabirabad rayonunda anadan olmuşdu. 1944-cü ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirən alim hələ uşaq yaşlarından tibb elminə böyük maraq göstərmişdi. Azərbaycan Tibb İnstitutunun (hazırkı Azərbaycan Tibb Universiteti) Müalicə fakültəsinə daxil olmuş, tələbəlik illərində gecələr təcili cərrahlıq xidməti üzrə çalışmışdı.
1949-cu ildə institutu başa vuran B.Ağayev Səhiyyə Nazirliyinin sərəncamı ilə Sabirabad rayon xəstəxanasına cərrah-həkim təyin edilmişdi. O, 1954-cü ildə müsabiqə yolu ilə 2-ci Moskva Tibb İnstitutunun cərrahiyə üzrə klinik aspiranturasına qəbul olmuş,1958-ci ildə Həştərxan Tibb İnstitutunun cərrahiyə kafedrasında assisent vəzifəsinə təyin olunmuşdu.
Alim “Süni qış yuxusu-hibernasiyanın əməliyyat və travmatik şokun profilaktikasında və müalicəsində tətbiqi” mövzusunda namizədlik, “Xərçəng şişinin inkişaf mərhələsindən asılı olaraq böyrəküstü vəzin funksional vəziyyəti və cərrahi müalicəsində nəzərə alınmasının əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş,1967-ci ildə professor elmi adına layiq görülmüşdü.1980-ci ildə tibb üzrə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdi.
B.Ağayev elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdu. O, 1959-60-cı illərdə Azərbaycan Tibb İnstitutunun 5-ci kurs tələbələrinə hərbi-tibb cərrahlığı üzrə mühazirələr oxumuşdur. 1960-cı ildə B.Ağayev Azərbaycan Elmi Tədqiqat Onkoloji Institutunda baş elmi isçi vəzifəsinə təyin olunmuş, onkoloji xəstəliklərin inkişafı zamanı su-duz və hormonal mübadilədə baş verən dəyişikliklərin öyrənilməsi və müalicə üsullarının təkmilləşdirilməsi sahəsində tədqiqatlar aparmışdır. Alim Tibb İnstitutunun tələbələri üçün cərrahlıq fənnindən dərsliklərin yazılmasında da müstəsna xidmətlər göstərmişdir. Ana dilindəki dərsliklərin çatışmazlığını nəzərə alaraq o, 1980-ci ildə Azərbaycan dilində "Klinik cərrahiyədən mühazirələr" dərsliyinin birinci hissəsini,1982-ci ildə ikinci hissəsini yazıb çap etdirmişdir. 1989-cu ildə isə "Cərrahi xəstəliklər" dərsliyinin 1-2-ci hissələrini nəşrə hazırlamışdı.
Mənbə: az.trend.az