Valideynlər arasında davadalaş uşaqların sağlamlığına necə təsir edir?


Digərləri 04 Apr 2018 07:41:00 310 0

Valideynlər arasında davadalaş uşaqların sağlamlığına necə təsir edir?

Uşağın salamatlığı - onun ruhi sağlamlığından başlamış təhsil uğurları və gələcəkdə insanlarla münasibətlər qurmasına qədər bütün məsələlər valideynlərin bir-biri ilə necə rəftar etməsindən asılıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, evdə baş verən hadisələr həqiqətən uşağın inkişafına və onun psixi sağlamlığına uzunmüddətli təsir göstərir. Uşaq ilə valideyn arasında qarşılıqlı münasibətlərlə yanaşı, valideynlərin bir-biri ilə necə rəftar etməsi də uşağın salamatlığında mühüm rol oynayır və onun həyatının bütün sahələrinə təsir göstərə bilər.

Böyük Britaniyada və digər ölkələrdə uşaqların ailədə və yaşa dolduğu dövrdə davranışının uzunmüddətli müşahidələrinə əsaslanan araşdırmalar nəticəsində məlum olub ki, uşaq hələ altı aylığında ikən evdə yaranmış münaqişəli vəziyyətin təsiri altında onun ürəyi sürətlə döyünməyə başlayır, kortizol adlanan stress hormonu əmələ gəlir.

Müxtəlif yaşlı uşaqlarda baş beyinin inkişafında pozuntu əlamətləri, yuxu pozğunluğu, narahatlıq, depressiya, onların davranışında digər ciddi problemlər yarana bilər. Bütün bunlar dərin və ya xroniki ailə münaqişəsi şəraitində uşağın çəkdiyi iztirablardan irəli gəlir.

Valideynlər arasında vaxtaşırı yaranan, lakin nisbətən kəskin olmayan münaqişə şəraitində yaşayan uşaqlarda da buna oxşar problemlər müşahidə olunur. Valideynləri mübahisəli məsələlər barəsində öz aralarında razılığa gələ bilən və belə məsələləri dinc yolla həll edən ailələrin uşaqlarında isə bu cür hallar az-az olur və ya ümumiyyətlə olmur.

Ailədə dava-dalaş uşaqlara müxtəlif şəkildə təsir göstərir. Məsələn, əvvəllər belə hesab edilirdi ki, valideynlərin boşanması və ya bir-birindən ayrı yaşamağı qərara alması uşaqların əksəriyyətinə çox mənfi təsir göstərir. İndi isə psixoloqlar hesab edirlər ki, bəzi hallarda boşanmadan əvvəl, boşanma dövründə və bundan sonrakı vaxtda valideynlər arasında yaranan dava-dalaşlar uşaqlara onların valideynlərinin bilavasitə ayrılmasından daha ciddi ziyan vurur.