Marsda robot arılar uçacaq


Digərləri 03 Apr 2018 22:35:00 273 0

Marsda robot arılar uçacaq

Britaniya mətbuatından "The Independent" yazır ki, NASA Mars səthinin öyrənilməsi üçün robot arılarından ibarət dəstə düzəldir.

Mars arıları adlı layihəyə görə bu kiçik qanadlı robotlar Qırmızı planetin səthi boyunca uçaraq məlumat toplayacaqlar.

Bal arısı boyda olan uçan robotlara sensorlar və simsiz kommunikasiya telləri qoyulacaq. Bu "arılar" NASA-nın "Curiosity" marsdagəzənindən enerji stansiyası və kommunikasiya mərkəzi kimi istifadə edəcəklər.

Marsda yeriyən qurğular alimləri geniş elmi məlumatlarla təchiz etsə də, onların sürəti son dərəcə azdır.

Bunun əksi olaraq robot arılar planetin səthi boyunca sürətlə uçaraq topladıqları məlumatları marsdagəzən qurğuya göndərəcəklər. Beləliklə marsdagəzən onların kommunikasiya qovşağı rolunu oynayacaq.

Alabama Universitetinin alimləri bu qənaətdədirlər ki, Mars atmosferinin Yerə nisbətən çox seyrək olmasına baxmayaraq, robot arılar orada sərbəst uça biləcəklər.