Qərb kürdləri atdımı?


Digərləri 03 Apr 2018 21:35:00 222 0

Qərb kürdləri atdımı?

Britaniyada çıxan "The Week" yazır ki, Qərb hökumətləri Suriyanın Afrin anklavında baş verən humanitar fəlakətə göz yummaqda ittiham edilirlər.

Məqalədə deyilir ki, bu humanitar fəlakət Türkiyə qoşunlarının kürd bölgəsinə hücumu nəticəsində yaranıb.

Türkiyənin artilleriya və hava zərbələri nəticəsində əksəriyyəti dinc sakinlər olmaqla yüzlərlə insan həlak olub.

250 min insan Türkiyə qoşunlarının hücumundan qorxaraq bölgəni tərk edib və qaçqına çevrilib.

Fransadakı Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun direktor müavini Didier Billion deyir ki, "Afrin realpolitikanın ən qəddar ifadəsidir".

Billion AFP agentliyinə müsahibəsində deyib ki, Qərb gücləri bir vaxtlar Suriya kürd qüvvələrinin özünü İslam Dövləti (İD) adlandıran hərbi qruplaşmaya qarşı mübarizəsindən məmnun idilər.

"Lakin NATO üzvü Ankara həmişə Afrindən daha qiymətli olacaq", - politoloq deyir.

Recep Tayyip Erdoğan Türkiyə qoşunlarıın Afrində nəzarəti ələ aldığını deyir

Aylarla davam edən bombardman və zorakı toqquşmaların ardınca, Türkiyə prezidenti Recep Tayyip Erdoğan martın 18-də bəyan edib ki, Türkiyə qoşunları Afrin üzərində tam nəzarəti ələ alıb.

Məqalədə deyilir ki, Türkiyənin kürdləri bombardman etməsi Rusiyanın sükutlu razılığı əsasında baş tutub.

Human Rights Watch insan haqları təşkilatı Türkiyəni dinc sakinləri və mülki obyektləri ağına-bozuna baxmadan bombardman etməkdə günahlandırıb.

Suriya kürdlərinin Fransadakı nümayəndəsi Xaled İssa deyib ki, Afrində dinc əhalinin üzərinə hərbi hücum - etnik təmizləmə kimi qiymətləndirilməlidir.

"İŞİD-ə qarşı mərdliklə vuruşmuş kürdlərin taleyi bu gün Türkiyənin ixtiyarına verilib, - İssa AFP agentliyinə deyib, - Bu əsassız və qanunsuz təcavüzə görə mənəvi məsuliyyəti beynəlxalq icma daşıyır".