Əhlisünnə mənbələrində İmam Əlinin fəzilətləri


Digərləri 03 Apr 2018 21:10:00 287 0

Əhlisünnə mənbələrində İmam Əlinin fəzilətləri

1. Əl-Hakim ən-Neysəburi deyib: "Fatimə bintə Əsədin, Əmirəl-möminin Əli ibn Əbu Talibi Kəbənin içində dünyaya gətirməsi xəbərləri mütavatir dərəcədədir".

"Əl-Mustədrək alə əs-səhiheyn", c. 3, s. 550.

2. Zeyd ibn Ərqəm buyurub: "Allah Rəsulu (s) ilə birgə İslamı ilk qəbul edən şəxs - Əli ibn Əbu Talibdir".

Ən-Nəsai, "Xəsais İmam Əli", s. 16, hədis 3. Kitabın mühəqqiqi Əbu İshaq əl-Huveyni deyib ki, hədisin sənədi səhihdir.

3. İmam Əli (ə) buyurub: "Allah Rəsulu (s) ilə birgə ilk namaz qılan şəxs məhz mənəm".

"Müsnəd Əhməd ibn Hənbəl", c. 2, s. 98, hədis 1191. Kitabın mühəqqiqi Əhməd Muhəmməd Şakir deyib ki, hədisin sənədi səhihdir.

4. İmam Əli (ə) buyurub: "Mən Allahın qulu, Allah Rəsulunun (s) qardaşıyam. Ən böyük doğru danışan (Siddiqul-Əkbər) mənəm. Məndən sonra kim bunu iddia edərsə, yalançıdır! Mən insanlardan yeddi il əvvəl namaz qılmışam".

Son.az deyerler.org-a istinadən bildirir ki, hədisdən sonra əl-Buseyri deyib: "Bu hədisin sənədi səhihdir".

Əl-Hakim, "əl-Mustədrək"də əl-Minhal ibn Amr yolu ilə rəvayət edib və deyibdir: "Şeyxeynin (Buxari və Müslümün) şərtinə əsasən səhihdir".

Əl-Buseyri, "Zəvaid ibn Macə", s. 46. hədis 29.

5. İmam Əlidən (ə) nəql olunub: "Peyğəmbər (s) buyurub: "Ey Əli! Sən mənim seçdiyim və inanıb güvəndiyimsən"".

İbn Əbu Asim, "Əs-sünnə", c. 2, s. 891, hədis 1365. Kitabın mühəqqiqi Basim ibn Feysal əl-Cəvabira deyib ki, hədisin sənədi səhihdir.

6. Hafiz əs-Suyuti deyib: "ət-Təbərani və əl-Hakim, İbn Məsuddan nəql ediblər: "Peyğəmbər (s) buyurub: "Əliyə baxmaq ibadətdir"". Hədisin sənədi həsəndir". (Mötəbərdir)

"Tarix əl-xuləfə", s. 150.

7. Hafiz əl-Heysəmi deyib: "Əbuzər nəql edir: "Peyğəmbər (s) buyurdu: "Ey Əli! Həqiqətən məndən ayrılan - Allahdan ayrılmışdır, səndən ayrılan isə məndən ayrılmışdır".

Əl-Bəzzar bu hədisi rəvayət etmişdir və onun raviləri güvənilən şəxslərdir".

"Məcməuz-zəvaid və mənbəul-fəvaid", hədis 14771.

8. Peyğəmbərin (s) azad etdiyi köləsi Səfinəh nəql edib: "Peyğəmbərə (s) (yemək üçün) quş əti gətirildi. Peyğəmbər (s) buyurdu: "İlahi! Ən çox sevdiyin şəxsi mənə yetir ki, bu quş ətindən mənimlə birgə yesin". Bu zaman Əli (ə) gəldi. Peyğəmbər (s) buyurdu: "İlahi, o, mənim də (ən çox) sevdiyim şəxsdir"".

Ət-Təbərani, "əl-Mucəmul-kəbir", c. 7, s. 96, hədis 6437.

Hafiz əl-Heysəmi bu hədisin sənədilə bağlı deyib: "Ət-Təbəranin nəql etdiyi hədisin sənədinin raviləri Fitr ibn Xəlifə istisna olmaqla, yerdə qalanları "Əs-Səhih"in (Buxari və Müslümün) raviləridir. Fitr ibn Xəlifə də güvənilən şəxsdir. (Yəni hamısı etibarlı ravilərdir).

"Məcməuz-zəvaid və mənbəul-fəvaid", c. 9, s. 24, hədis 14727.

9. Bureydə əl-Əsləmi deyib: "Peyğəmbər (s) kişilərdən ən çox Əlini, xanımlardan isə ən çox Fatiməni sevirdi".

Hədisin sənədininin səhih olmasını əl-Hakim və əz-Zəhəbi təsdiqləyiblər.

"Əl-Mustədrək alə əs-səhiheyn", c. 3, s. 168, hədis 4735.

10. Hafiz əs-Suyuti deyib: "İmam Əli nəql edib: "Peyğəmbər buyurub: "Allah Əliyə rəhm eləsin. İlahi! Əli (ə) hara dönərsə, haqqı onunla birgə et!"".

"Sənədi səhihdir".

"Əl-Cəmius-səğir", hədis 4412.

11. Ümmü Sələmə xanım Allah Rəsulundan (s) belə eşitdiyini nəql edib: "Əli Quran ilə, Quran da Əli ilə birgədir. Onlar Kövsər hovuzuna qovuşana qədər heç vaxt bir-birlərindən ayrılmayacaqlar".