"Ermənilər artıq istirahət edə bilərlər, çünki onların funksiyasını yerinə yetirənlər var"


Siyasət 03 Apr 2018 15:01:32 312 0

"Ermənilər artıq istirahət edə bilərlər, çünki onların funksiyasını yerinə yetirənlər var"

Azərbaycanda aktiv siyasətin aparıldığı vaxtda bir qrup şəxs Azərbaycan dövlətinin, Prezidentinin əleyhinə qarayaxma kampaniyası ilə məşğuldur.

Son.az SİA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Parlamentin komitə sədri Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, mühacir adı altında müxtəlif xarici ölkələrdə Azərbaycan dövləti əleyhinə fikir səsləndirirlər: "Onlar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı qarayaxma ilə məşğuldur. Bu vaxta qədər bir dəfə də olsun Ermənistan səfirliyi qarşısında aksiya keçirməyən şəxslər Fransada Azərbaycan səfirliyi qarşısında aksiya keçirirlər. Ermənilər artıq istirahət edə bilərlər, çünki onların funksiyasını yerinə yetirənlər var. Çox təəssüf ki, onların Azərbaycan dövləti və xalqına qarşı apardıqları siyasət ermənilərdən betərdir. Siyasi mübarizə aparmaq istəyənlərə heç bir məhdudiyyət yoxdur, düşmənin dəyirmanına su tökmək, erməni mediasında məşhurlaşmaq ancaq bu insanlara yaraşır. Vətənə, xalqa, orduya qarşı müxalif olmaq olmaz, azərbaycanlılara qarşı soyqırım törətmiş xalqla əlbir olmaq olmaz".

S.Novruzov millət vəkillərini bu mövzuda mövqe ortaya qoymağa çağırıb: "Cəmiyyətin bu məsələdə mövqeyi də yekdil olmalıdır. Xalqın seçdiyi insanlar bu insanlar, ünsürlərə qarşı mövqeyini ortaya qoymalıdır. Hərə bir tərəfə çəkilsə bunun axırı nə olacaq? Biz seçicilərimizi təmsil edirik, həmin insanlar da bizim seçicilərimizi təhqir edir. Biz nə üçün göz yumuruq, münasibətimizi bildirmirik? Xahiş edirəm, hər kəs gündəliklə yanaşı bu mövzuya da münasibət bildirməlidir. Tərif məclisi yazılsa idi, mənə növbə çatmayacaqdı. Söz demək məqamı gələndə hərə bir tərəfə çəkilir".