Regionun ən təhlükəsiz ölkəsi olan Azərbaycanın nüfuzu artır


Siyasət 03 Apr 2018 07:00:00 222 0

Regionun ən təhlükəsiz ölkəsi olan Azərbaycanın nüfuzu artır

Azərbaycanın davamlı inkişafının təməlində ölkədə hökm sürən stabillik və əmin-amanlıq durur. Bu gün Azərbaycan bölgənin ən təhlükəsiz, ictimai-siyasi sabitliyin ən yüksək səviyyədə olduğu ölkəsidir.

Bu barədə Son.az-a "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.

Onun sözlərinə görə, ölkədə əmin-amanlıq, sabitlik və təhlükəsizlik yüksək səviyyədə təmin edilməsəydi, Azərbaycan indiki uğurlara nail ola bilməzdi: "Bu gün bütün dünya görür ki, Azərbaycan qısa zaman ərzində böyük sıçrayışa, həm siyasi, həm iqtisadi, həm hərbi, həm də digər sahələrdə böyük inkişafa nail olub. Tolerantlıq, multikulturalizmi ilə dünyaya nümunə olan Azərbaycan ətrafda baş verən münaqişələrə, qarşıdurmalara baxmayaraq, bölgədə, ümumilikdə isə bütün dünyada özünün çox təhlükəsiz ölkə olması ilə də ad çıxarıb. Bütün bunlar həm müvafiq dövlət qurumlarının fəaliyyətinin, həm də xalqla dövlət arasında vəhdətin nəticəsində mümkün olub. Özü də hadisələrin gedişatı göstərir ki, bu uğurlar və inkişaf təsadüfi deyil, mütəmadi xarakter daşıyır. Hərtəfli inkişafımıza mane olan yeganə şey Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi və öz təcavüzkar siyasətini davam etdirməsidir. Lakin 2 il bundan əvvəlki aprel döyüşləri göstərdi ki, bu da müvəqqətidir və Azərbaycan əraziləri gec-tez işğaldan azad ediləcəkdir".

Professorun fikrincə, Azərbaycan artıq reginal lider səviyyəsindən daha yüksək səviyyəyə qalxır, onun güc və imkanları daha geniş miqyas alır: "Azərbaycanda ardıcıl beynəlxalq səviyyəli tədbirlərin, forumların keçirilməsi, eləcə də Bakının Qlobal problemlərinin həllinin müzakirəsi və dialoq plaformasına çevrilməsi ölkəmizin nüfuzunun daha artmasına gətirib çıxarıb.

Azərbaycan təkcə ölkədaxili iqtisadi inkşafla kifayətlənmir, həmçinin, bölgədəki geoiqtisadi proseslərə də güclü pozitiv təkan verir. Buna bariz nümunə olaraq həm regioanl enerji, həm də nəqliyyat layihələrini nümunə göstərmək olar.

Bundan əlavə, Azərbaycanın beynəlxalq təşkilatlarda da nüfuzu artır. BMT Təhlükəsizlik Şurasına üzvlükdən sonra ölkəmiz xarici siyasət sahəsində daha bir böyük uğura nail olub. Belə ki, gələn il Azərbaycan ilk dəfə Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Qeyd edim ki, bu Hərəkat 120 dövləti öz ətrafında birləşdirir və ona sədrlik etmək çox şeydən xəbər verir. Azərbaycan buna yürütdüyü düzgün xarici və hərbi siyasət, atılan doğru addımlar nəticəsində nail olub".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət