Tibbi eksperimentlər tarixi


Digərləri 02 Apr 2018 23:34:00 326 0

Tibbi eksperimentlər tarixi

Antik Roma həkimi və alimi Avl Korneli Sels belə bir məsələnin müzakirəsini aktual hesab edirdi: insan, ümumiyyətlə canlı varlıq üzərində eksperimentlər aparmaq olarmı? O, qoyduğu suala belə cavab verirdi: "Təcrübəyə məruz qalan canlı varlığın iztirab və əzabları normal həyatı təhrif etdiyinə baxmayaraq sırf elmi mülahizələr baxımından eksperimentlər aparmaq məqsədəuyğundur".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, antik dövrün bir çox alimləri belə tədqiqatlar aparmışlar. Məsələn, eramızdan əvvəl III əsrdə Erazistrat və Klavdi Qalen qullar və heyvanlar üzərində müxtəlif təcrübələr aparırdı.

Həmin problemin həlli sahəsində XVI əsrdə baş verən fakt daha çox maraq doğurur. Turnirdə gözündən nizə zədəsi alan Fransa kralı II Henrinin yarasını öyrənmək üçün həkimlər dörd məhkumu eynilə həmin zədəyə məruz qoymuşdular.

Anatomiyanın banisi Andreas Vezaliy XVI əsrdə meyitlər barədə aldığı elmi nəticələri heyvanlar üzərindəki təcrübələrdə sınaqdan çıxarıb. O, bunu edərkən xüsusi olaraq kilsənin hökmünə-viviseksiyanı yalnız heyvanlar üzərində etməyə icazə verildiyini əsas götürürdü. Bununla yanaşı alim aydın dərk edirdi ki, insan və heyvanların beyinləri oxşar olsa da, yalnız heyvanlar üzərində təcrübə aparmaq elmin imkanlarını xeyli məhdudlaşdırır.

Müasir eksperimental təbabətin banilərindən biri sayılan Klod Bernard ilk dəfə olaraq insan üzərində sırf elmi-tibbi təcrübələrin etik hüquqları problemini ayrıca məsələ kimi qoyub. O, 1869-cu ildə "Eksperimental patologiya" üzrə mühazirələrində qeyd edirdi ki, etika zəmanəmizə xəstə verə biləcək təcrübənin insan üzərində aparılmasını haqlı olaraq qəti şəkildə pisləyirdi. K. Bernard yaranmaqda olan eksperimental fiziologiyanın metodlarının tətbiqini nəzərdə tutaraq göstərirdi ki, təcrübədə heyvanların ölümü qeydə alınarkən həm əxlaq, həm də elmin sosial təyinatı baxımından belə bir qənaət hasil olur ki, həmin təcrübə insan üzərində aparılmamalıdır. Alim yazırdı: "Bizə etibar olunan xəstələr üzərində eksperiment apara bilmərik, çünki onları müalicə əvəzinə öldürmək kimi riskli iş görmüş olarıq. Elm, hər şeydən əvvəl, insan həyatına hörmət etməlidir". Yeri gəlmişkən qeyd edək ki, K. Bernard heyvanlar üzərində bir çox amansız, qanlı və ağrılı təcrübələr aparıb.