"Aprel döyüşlərində Azərbaycan ordusu çox mühüm və əsaslı dönüşə nail oldu"


Siyasət 02 Apr 2018 22:03:00 274 0

"Aprel döyüşlərində Azərbaycan ordusu çox mühüm və əsaslı dönüşə nail oldu"

2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu çox mühüm və əsaslı dönüşə nail oldu.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov qeyd edib ki, ermənilər cəbhədə təxribat törətməyə cəhd etdilər, amma əvəzində Azərbaycan ordusu erməni silahlı qüvvələrinə çox ciddi cavab zərbələri vurdu: "Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi".

Deputat qeyd edib ki, ermənilər təkcə məğlub olmadılar, sındırıldılar, onlar nəinki Qarabağ torpağından, Yerevandan da baş götürüb qaçırdılar: "Bu gün də nə Ermənistan, nə də ölkənin kriminal rəhbərliyi aprel döyüşlərindən özünə gələ bilməyib. Onların möhkəmləndirilmiş saydıqları sərhədlərini darmadağın etdik. Hələ də Ermənistan cəmiyyətində aprel döyüşlərinin xofu qalıb, artıq onlar müharibənin onlar üçün heç də yaxşı nəticələnməyəcəyini yaxşı anlayırlar".

Deputat vurğulayıb ki, Azərbaycanın güclü, modern ordusu yaranıb və aprel döyüşlərində ordumuz bunu sübut etdi:

"Təbii ki, ordunun gücü ilk növbədə onun Ali Baş Komandanı, zabiti və əsgərindədir, ancaq biz ordumuzun müasir silahlarla təchiz olunmasını da diqqətdən kənarda qoya bilmərik. Azərbaycan bu istiqamətdə bir sıra dövlətlərlə əməkdaşlıq edir və ən müasir texnologiyaya əsaslanan silahlar alır və yenə də alacaq. Cənab Prezidentin bunu bəyan etməsi və hər il yeni silahların alınmasına kifayət qədər vəsaitin ayrılması çox yaxşıdır. Eyni zamanda, bu, düşmən ölkəyə və onun havadarlarına bir mesajdır ki, Azərbaycan ordusu güclüdür və güclənməkdə davam edəcək və əgər aprel hadisələri təkrarlanarsa, bu, düşmən üçün ciddi uğursuzluqla nəticələnəcək. Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq".

Qeyd edək ki, bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 2 il ötür. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb.