“Azərişıq” ASC Aran regionunda genişmiqyaslı yenidənqurma işləri aparır


Sosial 02 Apr 2018 21:58:42 367 0

“Azərişıq” ASC Aran regionunda genişmiqyaslı yenidənqurma işləri aparır

Ağcabədinin Avşar kəndindəki “Ağcabədi-2” yarımstansiyası tam yenidən qurularaq 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilib

“Azərişıq” ASC Aran regionunda apardığı yenidənqurma işlərinin tərkib hissəsi olaraq Ağcabədi rayonunun Avşar kəndində yerləşən 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyası tam yenidən qurularaq 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilib.

Bunu “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev bildirib ki, istismar müddətini başa vurmuş elektrik xətləri külək və digər təbii amillərə adekvat olmadığından açılmalar baş verir, fasilələr yaranır:

“Odur ki, şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, qeydiyyatsız və sayğacsız elektrik enerjisindən istifadə hallarının, israfçılığın qarşısının alınması, həmçinin elektrik enerjisinin realizasiyasının tam həyata keçirilməsi istiqamətində 2018-ci ilin birinci rübündə xeyli işlər görülüb və görülməkdədir. Ağcabədi rayonunun Arazbar kəndində artıq hava xətlərinin yenilənməsi prosesi başa çatıb və SMART sayğaclar qurlaşdırılıb. Həmçinin Hüsülü və Avşar kəndlərində transformator məntəqələri yenisi ilə əvəzlənib və hazırda bu kəndlərdə ÖİN - SIP -(Özünüdaşıyan İzolyasiyalı Naqillər) xətlər çəkilir. Yenidənqurma işləri Ağcabədi rayon mərkəzini də əhatə edir və burada 10 kV-luq hava xəttindən qidalanan KTM-lərin (Komplekt Transformator Məntəqəsi) 0,4 kV-luq tərəfində ÖİN kabellərlə yenidənqurma işləri aparılır. Rayon ərazisində yerləşən Boyat kəndində də yenidənqurma işlərinə başlanıb”.

Qurum rəsmisi Aran regionunda olan digər rayonlarda da işlər aparıldığını qeyd edib:

“İmişli rayonunda Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun kənarında yerləşən 35/6 kV-luq “Bəhrəmtəpə” yarımstansiyasında da genişləndirmə və yenidənqurma işləri aparılır. 35 kV-luq Aranlı və 35 kV-luq Zavod hava xətlərinın magistral yol kənarı ilə paralel keçən hissəsinin birləşdirilərək ikidövrəli dayaqlarla yenidən çəkilməsi istiqamətində ilkin proses başa çatıb. Bununla yanaşı rayon ərazisində yeni tikilən 35/10 kV-luq “Yeni Rəsullu” yarımstansiyasını elektrik enerjisi ilə təmin etmək üçün yeni ikidövrəli 35 kV-luq “Rəsullu” hava xəttinin tikintisi yekunlaşıb. Artıq 35/10 kV-luq “Yeni Rəsullu” yarımstansiyasının yeni tikilmiş xəttin birinci dövrəsinə 35/10 kV-luq “Muğan” və ikinci dövrəsinə isə 35/6 kV-luq “Çahar” yarımstansiyaları qoşulub. Həmçinin hazırda rayonun Telişli, Xəlfəli və Hacalmuradlı kəndlərində 0,4 kV-luq şəbəkələri yenidən qurulur. Aran Regionunun digər rayonu Beyləqanda da yenidənqurma işləri sürətlə aparılıb və aparılmaqdadır. Belə ki, Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində yenidənqurma işləri başa çatdırılıb, kabelləşmə və smart kart tipli sayğaclar quraşdırılıb. Hazırda Beyləqan rayonunun mərkəzində 10 kV-luq Yağ zavodu hava xəttindən qidalanan KTM-lərin 0,4 kV-luq tərəfində və I Şahsevən kəndində yenidənqurma işləri davam etdirilir”.

T.Mustafayev Zərdab, Ağdam və Füzuli rayonlarında aparılan işlər haqqında da məlumat verib:

“Zərdab rayonunun Dəkkoba, Dəli Quşçu və İsaqbağı kəndlərində də yenidənqurma işləri başa çatıb. 2018-ci il ərzində bu kəndlərdə 28 ədəd müxtəlif güclü transformator məntəqələri quraşdırılaraq istismara verilib. Hal-hazırda Zərdab rayonunun mərkəzində ÖİN kabellərlə yenidənqurma işləri görülür. ARAN regionunun cəbhə bölgəsində yerləşən Ağdam rayonunda isə Sarıçoban və Ayaq Qərvənd kəndlərində 0,4 kV-luq şəbəkələrin yenidənqurma işləri yekunlaşıb, hazırda sayğacların quraşdırılması işləri aparılır. Rayonun Sarıcalı kəndində yenid’nqurmaya hazırlıq işlərinə start verilib. ARAN regionunun cəbhə bölgəsində yerləşən digər rayonu Fizulidə isə ən böyük kəndlərdən olan Böyük Bəhmənli kəndində KTM-lərin qurlaşdırılması işi başa çatıb, hazırda 0,4 kV-luq şəbəkənini yenilənməsi işləri aparılır”.