Vüqar Səfərli: Azərbaycan mediasının inkişafı dövlətimizin daim diqqət mərkəzindədir


Digərləri 02 Apr 2018 18:22:00 279 0

Vüqar Səfərli: Azərbaycan mediasının inkişafı dövlətimizin daim diqqət mərkəzindədir

Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının 9-cu ildönümü tamam olur. Son.az bildirir ki, fondun icraçı direktoru Vüqar Səfərli bununla əlaqədar AZƏRTAC-ın suallarını cavablandırıb.

- Vüqar müəllim, aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının 9-cu ildönümü tamam olur. Fondun yaradılması hansı zərurətdən irəli gəlirdi?

- Fondun yaradılması zərurətindən danışarkən, ilk növbədə, müstəqillik illərində Azərbaycan mətbuatının inkişaf mərhələlərinə qısaca nəzər salmaq istərdim. Danılmaz həqiqətdir ki, 1993-2003-cü illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı demokratik islahatlar həyata keçirilib, fikir, söz və məlumat azadlığı, kütləvi informasiya vasitələrinin müstəqilliyi təmin edilib.

Həmin illərdə kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafına zəruri şərait yaradan mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Mətbuat orqanlarının sərbəst fəaliyyətinə maneə yaradan süni amillər, ilk növbədə, senzura 1998-ci il avqustun 6-da aradan qaldırılıb. Bu mərhələdən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi müntəzəm xarakter alıb, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilib.

Kütləvi informasiya vasitələrinin son 15 ildəki inkişafı isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısı respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə yönəlmiş bütün mütərəqqi təşəbbüsləri dəstəkləyir. Prezident milli mətbuatımızın mütərəqqi ənənələrə əsaslanmaqla və xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişafını vacib sayır.

Xatırlatmaq lazımdır ki, Azərbaycan Milli Mətbuatının 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə "Əməkdar jurnalist" fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, orden və medallara layiq görülməsi, qəzetlərə birdəfəlik maliyyə yardımlarının edilməsi, onların "Azərbaycan" nəşriyyatına olan 400 min manat məbləğində borclarının dövlət büdcəsi hesabına silinməsi və digər tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirib. Xüsusi qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlər əsasən müstəqil və müxalifyönlü qəzetlər idi.

Azərbaycan Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, ilk növbədə, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin, jurnalistlərin peşəkarlığının və sosial rifah səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məqsədindən irəli gəlirdi. Konsepsiyanın hazırlanması və qüvvəyə minməsi ilə faktiki olaraq milli mətbuatın inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyuldu. Bu il imzalanmasının 10 ili tamam olan Konsepsiya mükəmməl sənəd olaraq özündə mediaya dövlət dəstəyinin məqsəd, prinsip və mexanizmlərini əks etdirir.

Konsepsiyada mətbuata dövlət dəstəyini həyata keçirəcək yeni dövlət qurumunun yaradılması da nəzərdə tutulmuşdu. Bu mənada, Azərbaycan Prezidentinin 2009-cu il 3 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da Konsepsiyadan irəli gələn vəzifələrin həllinə xidmət edirdi. Belə bir dövlət qurumunun yaradılması ölkə başçısının kütləvi informasiya vasitələrinin inkişafına və jurnalistlərin sosial problemlərinin həllinə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləmiş oldu.

Əlbəttə, Fondun yaradılması ilə KİV-lərə dövlət dəstəyi daha dolğun, sistemli və ardıcıl xarakter aldı. Ölkə jurnalistlərinin bütün sahələrdə dinamik inkişaf edən, müasirləşən Azərbaycan Respublikasının nailiyyətlərindən daha səmərəli şəkildə bəhrələnməsi üçün imkanlar açıldı. Gələn il 10 illik yubileyini qeyd edəcək Fond həmin Konsepsiya əsasında uğurla fəaliyyət göstərərək mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirir.

- Fondun təşkilatlanması istiqamətində həyata keçirilmiş tədbirlər barədə nə deyə bilərsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 22 may tarixli sərəncamları ilə Fondun icraçı direktoru və Müşahidə Şurasının 9 nəfər üzvü təyin edildi. Bu təyinatlardan sonra Fond Konsepsiyaya və Nizamnaməsinə uyğun olaraq fəaliyyətə başladı. Müşahidə Şurasının ilk iclasında qurumun gələcək fəaliyyət istiqamətləri dəqiqləşdirildi, nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün xüsusi təlimatlar, normativ sənədlər hazırlandı. Fondun yaradılmasından az müddət sonra kütləvi informasiya vasitələrinə maliyyə yardımını nəzərdə tutan ilk layihələrin həyata keçirilməsinə başlanıldı.

Diqqətinizə çatdırım ki, Fond yeni yaradılmış qurum kimi hansısa mövcud ənənəyə, praktik iş təcrübəsinə istinad etmirdi. Buna baxmayaraq, biz Konsepsiya, eləcə də Nizamnamə ilə üzərimizə düşən vəzifələrin uğurlu icrası məqsədilə tamamilə şəffaf və çevik mexanizmlər formalaşdıra bildik. Beynəlxalq təcrübə, daha dəqiqi, xarici ölkələrdə mətbuata dövlət dəstəyini həyata keçirən oxşar qurumların fəaliyyəti ilə yaxından tanışlıq istiqamətində həyata keçirdiyimiz addımlar praktik nəticələrini verdi. Fondun icraçı direktoru və Müşahidə Şurası üzvlərinin 2009-cu ildə Avstriyanın Vyana və İsveçin Stokholm şəhərlərinə işgüzar səfərləri beynəlxalq təcrübənin öyrənilməsi baxımından kifayət qədər əhəmiyyətli oldu.

Ötən 9 ildə Fond həm də ölkə jurnalistlərinin beynəlxalq təcrübə ilə yaxından tanışlığı üçün zəruri tədbirlər həyata keçirib. Ötən müddətdə media nümayəndələrinin Türkiyəyə, İsveçə, Avstriyaya, Şimali Kiprə və Böyük Britaniyaya səfərləri təşkil olunub. Jurnalistlərimiz bu səfərlər zamanı həmin ölkələrin aparıcı qəzetlərinin, habelə televiziya və radiolarının redaksiyalarında olub, onların iş üslubu ilə yaxından tanışlıq imkanı qazanıb, təcrübə mübadiləsi ediblər. Xüsusi vurğulamaq istərdim ki, Fonda dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə artması həm fəaliyyətimizin miqyasını genişləndirir, həm də jurnalistikamızın inkişafına xidmət edir. 2009-2018-ci illərdə Fonda dövlət büdcəsindən 35 milyon manata yaxın vəsait ayrılıb. Bu qayğının müqabilində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

- Məlumdur ki, Fondun maliyyə yardımı ilə KİV layihələri icra olunur, həmçinin fərdi jurnalist yazıları müsabiqələri keçirilir. Bu istiqamətlər üzrə həyata keçirilən layihələri səmərəli hesab etmək olarmı?

- Fond Konsepsiyaya əsasən qəzetlərə 19 istiqamət üzrə maliyyə yardımının göstərilməsi məqsədilə ildə 2 dəfə müsabiqə elan edir. Bu müsabiqələrin şərtlərinə cavab verən qəzetlər həmin istiqamətlər üzrə 6 ay ərzində layihələr icra edirlər. Fond həmin layihələrin monitorinqini həyata keçirir və hər ayın sonunda qəzetlərə növbəti maliyyə vəsaitini ayırır. Fondun maliyyə vəsaiti hesabına gündəlik, günaşırı və həftəlik qəzetlərdə hər il 6 min səhifədən çox layihə materialı dərc olunur.

Fondun maliyyə yardımı ilə icra edilən layihələr çərçivəsində yazılan yazılar ictimai həyatın bütün sahələrini əhatə edir. Diqqətinizə çatdırım ki, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu; fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması; Azərbaycanın dünya birliyinə inteqrasiyası; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi və mühüm əhəmiyyət kəsb edən digər mövzular mətbuatda geniş işıqlandırılır, təhlil edilir.

Fond KİV-lərdə Azərbaycanın ədəbi dilinin qorunması məsələsinə də xüsusi diqqət ayırır. Bu məqsədlə hər il "Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələr elan edilir. Layihələr 6 ay müddətində icra edilir, aparılan monitorinqlər zamanı Azərbaycan media və teleradio məkanının dil problemləri araşdırılır, onun tənzimlənməsi yolları müzakirə edilir, müvafiq təkliflər verilir. Fond, həmçinin ötən illərdə Azərbaycan Mətbuat Şurasının "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır" mövzusunda layihəsinin maliyyələşdirilməsi üçün vəsait ayırıb.

Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etmək, jurnalistlərin peşəkarlığını artırmaq, onların sosial müdafiəsini gücləndirmək məqsədilə Fond il ərzində 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının yaranmasının ildönümü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələri təşkil edir.