Atların müalicə etdiyi insanlar - REPORTAJ


Digərləri 02 Apr 2018 18:01:57 172 0

Atların müalicə etdiyi insanlar - REPORTAJ

Təbiətdə, sadəcə, iki canlı növü at və delfinlərin müsbət enerji yayır

Aprel ayı “Dünya Autizm Maarifləndirmə” ayı, aprelin 2-i isə Ümumdünya Autizm Günü kimi qeyd edilir. Bu səbəbdən də dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da bu ayda maarifləndirmə tədbirləri keçirilir.“Report”un əməkdaşları Ümumdünya Autizm Günü ilə əlaqədar Bakı Qızılı At Terapiya və Təhsil Mərkəzində autizmli uşaqlara keçirilən At terapiyası (İppoterapiya) reabilitasiya üsulunu izləyib.

Sosial həyatı olmayanlar

Autizm sindromu uşağın psixo-sosial inkişafına mənfi təsir edən inkişaf məhdudiyyətidir. Yəni bu sindrom ən çox insanın sosial həyatına mənfi təsir göstərir. Uşaqda özünə qapanma, çoxluq olan yerə çıxmaması, gözlə təmasın olmaması, diqqətsizlik, periodik təkrarlanan hərəkətə meyillilik, təkrarlanan hərəkətlər, nitqlərində təkrarlanan səslər, hətta nitqin olmaması, dialoqa meyilliliyin olmaması kimi hallar aşkarlanırsa, mütəxəssisə müraciət edilməlidir. Amma sadalanan əlamətlərdən bir neçəsinin olması belə uşağın autizm sindromlu olması demək deyil. Hər halda qeyd olunan əlamətlərdən 70-80 faizi uşaqda özünü göstərirsə, uşağa autizm diaqnozu qoyula bilər.

Autizm sindromunun nədən yaranması tibb elminə hələ məlum deyil. Yəni sindromun konkret kliniki göstəricisi yoxdur, rentgen və aparatlarla aşkarlanmır. Ümumi olaraq qohum evliliyi, qan resurslarının uyğun olmaması, hamilə qadının keçirdiyi psixoloji sarsıntılar, doğuş zamanı keçirilən oksigen çatışmazlığı, körpəlik dövründə uşağın qarşılaşdığı travmalar və s.bu sindromun səbəbləri kimi göstərilir. Səbəbi bilinmədiyi üçün sindromunmüalicə yolları da aşkarlanmayıb, yəni sindromun dərman müalicəsi yoxdur. Reabilitasiya yönümlü müalicə tədbirləri aparılır ki, bu üsul da həmişə müsbət nəticə verməyə bilər.

Autizm sindromlu olub üzgüçülük, stolüstü tennis, buz konkisi və s. idman sahələrində nailiyyətlər qazananlar var.

At terapiyası

Təbiətdə, sadəcə, iki canlı növünün - at və delfinlərin müsbət enerji yaydığı deyilir. Deyilənə görə, at mənfi enerjini götürür, əvəzində isə insana müsbət enerji ötürür. Bu səbəbdən də illər öncə atlardan bir çox xəstəliklərin müalicəsində istifadə olunmağa başlayıb.

İppoterapiyaat üzərində müxtəlif hərəkətlər vasitəsilə bədən əzələlərinin hərəkət etməsinə kömək edən bir müalicə üsuludur. İppoterapiyainsanda özünə inam hissi formalaşdırır. Atın istiliyi insandan 1.5-2 dərəcə daha yüksək olur. Bu da masaj aləti kimi ayaq əzələlərinə təsir edir, qan təzyiqini yüksəldir. İppoterapiyamədə-bağırsaq, qəlb-damar xəstəliklərinin müalicəsində, onurğa sütununun zədələnmələri, inkişaf və nitq pozğunluğu, iflic, autizm, daun sindromu, diqqət əksikliyi, artıq çəki, eşitmə və görmə çatışmazlıqları kimi xəstəliklərin profilaktikasında mühüm rol oynayır.

İppoterapiya ata minmə və onu çapmağı öyrənmək kimi qiymətləndirilməməlidir, bu terapiya bir çox xəstəliklərin müalicəsində istifadə olunan effektiv üsullardan biridir. Bu üsulla uşaqlar həm asudə vaxtını səmərəli təşkil edir, həm də reabilitasiya alırlar.

Bu cür müalicənin əks təsiri yoxdur. Sadəcə olaraq, ippoterapiya başlamazdan əvvəl şəxsdə dəri problemləri, allergiyanın olub-olmaması müəyyənləşdirilməlidir.

Atlarla müalicə edən mərkəz

4 ildir ki, Azərbaycanda, yəni Bakıda atlarla pulsuz təlimlər keçən mərkəz fəaliyyət göstərir. Azərbaycanda ilk və yeganə İppoterapiya mərkəzi olanBakı Qızılı At Terapiya və Təhsil Mərkəzinin məqsədi müalicə ilə yanaşı, həm də qızılı rəngdə olan Qarabağ cins atlarının təbliğidir. Mərkəzin yaradıcısı və müdiri, 4-cü nəsil atçı (məşqçi) Sərxan Tağıyev əvvəllər fərdi olaraq bu işi gördüklərini, indi isəmərkəz vasitəsi ilə daha çox adama yardım edə bildiklərini deyib. Onun sözlərinə görə, 4 il ərzində mərkəzin autizm sindronlu uşaqlarla bağlı təşkil etdiyi layihədə 1000-ə yaxın autizm sindromlu uşaq, 300-400 nəfər könüllü iştirak edib. Seanslar əsasən şənbə-bazar olmaqla 1 saat təşkil olunur. İştirak üçün yaş həddi qoyulmur, mərkəzə 2 yaşdan yuxarı uşaqlar gətirilə bilər.

Kiçik yaşlı uşaqlara ponilər, daha böyük uşaqlara isə sakit təbiətli atlar verilir. Atlarla terapiya yaddaşı gücləndirir, diqqəti toplamağa kömək edir, həmçinin sosial mühitə adaptasiya edir.

Mərkəzin müdirinin sözlərinə görə, insanlar bu sindromla əlaqədar məlumatlı deyillər. Bu səbəbdən də autizm sindromlu uşağı olan valideynlər sıxılır, utanır. Amma mərkəzə müracət etməklər valideynlərdə özünə inam yaranır. At terapiyası həm uşaqlara, həm də valideynlərə müsbət təsir edir.

Könüllülər

Mərkəzdə xüsusi təlim keçən könüllülər uşaqlara ata minməkdə kömək edir, atı nəzarətdə saxlayır, uşaqlarla ünsiyyətə girməyə çalışır.

Könüllü kimi fəaliyyət göstərən Fatimə Paşazadənin sözlərinə görə, onlar çalışırlar ki, autizm sindromlu uşaqların sosiallaşmasında onlara kömək etsinlər. Mərkəzə gələnə kimi könüllülərin hər biri təlim alır, həm atlarla, həm də uşaqlarla rəftarı öyrənir. F.Paşazadənin sözlərinə görə, könüllü olmaq istəyən şəxslər mehriban, gülərüz, səbrli olmalıdır. Bu uşaqlar fərqli olduğu üçün onlarla rəftar da individualdır, hamısına eyni yanaşmaq olmaz. Könüllülər ilk gələndə uşaqlara kömək etsə də sonradan uşaqların özləri atla rahat kontakta girə bilirlər.

Əyləncə mərkəzlərində autizm sindromlu uşaqlar nəzərə alınmır

Övladında autizm sindromunun əlamətlərinin olduğunu özü evdə aşkarlayan valideyn Eyyubova Leyla deyir ki, 3 yaşlı uşağında göz kontaktı olmadığı, sosiallaşmadığı üçün belə qərara gəlib. O mütəxəssisə müraciət edib və şübhələri təsdiqlənib. Mərkəzə də mütəxəssis məsləhəti ilə gəlib, uşağının sevindiyini görüb çox sevinir. Deyir ki, atlarla terapiya uşaqlar üçün çox faydalıdır, onun övladında müsbət dəyişiklər var.

Valideyn həmçinin şikayət də etdi ki, bir çox əyləncə mərkəzlərində autizm sindromlu uşaqlara az önəm verirlər, nəzərə almırlar.